Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Məni alçaldırdılar" - Elçibəyin qardaşı qızı niyə işdən çıxarılıb?

“1977-ci ildən Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycan Tarixi Muzeyində çalışıram. Zal növbətçiliyindən başlayaraq elmi işçi vəzifəsinə qədər yüksəlmişəm. Uzun illər göstərdiyim xidmətlərə baxmayaraq, məni qanunsuz olaraq işdən çıxarırlar”.

Bu iddia AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova çıxış edib.

S.Məmmədovanın sözlərinə görə, rəhbərlik ona qərəzli münasibət göstərib və xəstəliyi, sosial vəziyyəti nəzərə alınmayıb: “2019-cu ildə AMEA-da ixtisarlar oldu və vəzifəmi laborant edib kitabxanaya keçirdilər. Halbuki mən tarix fakültəsini bitirmişəm, məqalələrim var, elmi işçi olmuşam. Sonra pandemiya oldu, bir müddət işə çıxmadıq. Ötən ilin iyul ayında yenidən AMEA-da struktur dəyişikliyi oldu, bu dəfə məni etnoqrafiya şöbəsinə laborant keçirdilər. Mənə kompüter vermədilər və işlə də təmin eləmədilər. Şöbə müdirinə deyəndə ki, məni işlə təmin elə, deyirdi sən elə qızlara məsləhət ver, elə bir iş yoxdur və kompüter yoxdur. Mən 2019-cu ildə 18 kitabı pasportlaşdırıb redaktə eləmişdim. Lakin bu işimə baxmadılar. Bir neçə gün əvvəl də dedilər ki, sən ərizəni yaz, çıx. Mən banklardan borc pul götürüb xaricdə tələbə oxuduram, üstəgəl də əlilliyim var. 30 ildən artıqdır ki, ikinci qrup əliləm. Məni qanunsuz, əlilliyimə baxmayaraq muzeydaxili attestasiya təşkil edərək işdən çıxarırlar. Akademiyada pensiya ilə bağlı yaş həddi də yoxdur. Bilmirəm məndən nə istəyirlər...”



O, muzeyin Baş direktoru Nailə Vəlixanlının və icraçı direktorun onu alçaltdığını deyir: “Nailə Vəlixanlı muzeydə işləyən adamları alçaldır. Neçə ilin işçisini laboratoriyaya göndərir, vəzifəsini azaldır. Məni o qədər alçaltmışdı ki, 2019-cu ildə ürəyimdən əməliyyata düşmüşdüm. Vəzifəmi elmi işçidən laboranta endirəndə əmək haqqım 150 manat azaldı. N. Vəlixanlı illər boyu mənə verilən premiyaları da kəsib. Təsəvvür edin, mənə 15 manat 80 qəpik premiya verib. Həmişə mənə digər işçilərdən az premiya verib. Bilmirəm onun mənimlə nə düşmənçiliyi var...”

Məsələ ilə bağlı AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı ilə əlaqə saxladıq. O, şikayətin əsassız olduğunu, sözügedən işçinin Attestasiya Komissiyasının qərarı ilə, qanuni şəkildə işdən çıxarıldığını bildirdi: “Səadət Məmmədovanın işdən çıxarılması qanunsuz deyil, o, attestasiyanın nəticəsi olaraq işdən çıxarılıb. Əgər şikayət eləmək istəyirsə, versin məhkəməyə. Bu, Attestasiya Komitəsinin qərarıdır, qərara sorğu yoxdur. O xanım özü gözəl bilir ki, niyə işdən çıxarılıb. Heç bir iş görüb eləmirdi”.



S. Məmmədovanın alçaldılması ilə bağlı deyilənlərə gəldikdə isə Baş direktor bunları deyib: “Məni tanıyanlar bilir ki, hamı ilə, xadimələrimizlə də “siz”lə, “zəhmət olmasa” ilə danışıram. Heç vaxt, heç kəsi alçaltmamışam. Bunu yazanda insafla yazın. Onu da yoxlayın, bizi də, ondan sonra yazın”. (Qafqazinfo)