Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Məğlub paytaxtın üzərində dava: ruslar qərblilərə niyə uduzdu?

 Yadigar Sadıqlı

İkinci dünya müharibəsinin bitməsindən az sonra Antihitler koalisiyası üzrə keçmiş müttəfiqlər - bir tərəfdə SSRİ, digər tərəfdə isə Qərb ölkələri olmaqla - rəqibə çevrildilər və “soyuq müharibə” adını alan qarşıdurma başladı. Bu qarşıdurmanın episentri Berlin şəhəri idi.

 

*** 

ABŞ, Böyük Britaniya və SSRİ hələ müharibə qurtarmamış, 1944-cü il sentyabrın 12-də London konfransında məğlub Almaniyanın üç işğal zonasına bölünməsi barədə razılığa gəldilər. Bu zaman ölkənin şərqi sovet, şimal-qərbi Britaniya, cənub-qərbi də Amerika zonası olacaqdı. 1945-ci ilin fevralında keçirilən Yalta konfransında isə amerika-ingilislərin hesabına bir az fransızlara da yer vermək qərarı qəbul edildi.

Ölkənin paytaxtı Berlin sovet işğal zonasında yerləşirdi, amma tamamilə SSRİ-nin nəzarətində deyildi. Bu şəhər də dörd ölkənin işğal sektoruna bölünürdü. 



Almaniyanın təslim olmasından bir ay sonra, iyunun 6-da həm Almaniyanın, həm də Berlinin dörd işğal zonasına bölünməsi rəsmiləşdi. İyulun 30-da isə Almaniya üzərində ali hakimiyyətə malik Müttəfiqlərin Nəzarət Şurası yaradıldı. Berlini idarə edəcək Müttəfiqlərarası komendatura da Şuranın nəzarətində idi.

Qeyd edim ki, qarışıqlıq olmaması üçün bundan sonra yazıda “işğal zonası” deyiləndə ölkə üzərində bölgü, “işğal sektoru” deyiləndə isə Berlin üzərində bölgü nəzərdə tutulacaq.

1945-ci ilin noyabrında əldə olunan razılaşma əsasında Qərb ölkələri öz işğal zonaları və işğal sektorlarını sovet işğal zonası üzərindən birləşdirən hava dəhlizi hüququ qazandılar. Bu da yazıda bəhs edilən hadisələr zamanı ciddi rol oynadı.

 

*** 

Tezliklə Almaniyanın idarə olunması ilə bağlı SSRİ və Qərb müttəfiqləri arasında fikir ayrılıqları ortaya çıxdı. İxtilaf, əsasən, ölkədə qurulacaq siyasi rejimlə bağlı idi. Moskva kommunist diktaturasının yaradılmasını istəyirdi, qərblilər isə demokratik üsul-idarənin bərpası tərəfdarı idilər. Məsələn, 1947-ci ildə Stalinin şəxsən tanıdığı keçmiş kommunist, indi isə sosial-demokrat olan Ernst Reyter bütün Berlinin meri seçiləndə, ruslar bunu qəbul etmədilər. Nəticədə Reyter yalnız üç sektorda fəaliyyət göstərə bildi.

Tədricən istər Almaniyanın, istərsə də Berlinin dördlü işğal hissələrinin dualist (sovet və qərb) zonalara bölünməsi baş verir. Hələ 1946-cı ilin dekabrın 2-də ABŞ və Britaniya işğal zonalarının birləşdirilməsi qərara alındı və yaranan qurum Bizoniya adlandı.

Qərb müttəfiqlərində getdikcə belə bir fikir formalaşırdı ki, bütöv Almaniya məsələsində SSRİ ilə əməkdaşlıq etmək qeyri-mümkündür, öz işğalları altında olan ərazinin gələcəyi barədə düşünmək lazımdır. 1948-ci ildə Londonda ABŞ, Böyük Britaniya, Fransa, eləcə də Benilüks ölkələrinin (Belçika, Niderland, Lüksemburq) iki raunddan ibarət (fevral-mart və aprel-iyun aylarında) konfransı keçirilir. Burada Fransa işğal zonasının da Bizoniyaya qatılması ilə Trizoniyanın yaradılması, həmin ərazilərdə federativ və demokratik Almaniya dövlətinin təsis olunması barədə razılıq əldə olundu. 

Bundan əlavə, 1948-ci ilin aprelində ABŞ-ın Marşal planı çərçivəsində 17 Avropa ölkəsinə yardımı başladı. Həmin ölkələrin içində Qərb işğal zonasına aid alman torpaqları da vardı. 

London konfransına dəvət olunmaması Moskvanın kəskin narazılığına səbəb oldu. Ruslar buna cavab olaraq hələ konfransın birinci raundundan sonra, martın 20-də Müttəfiqlərin Nəzarət Şurasında iştirakını dayandırdılar. İyunun 16-da isə Müttəfiqlərarası komendaturanı tərk etdilər.

İyunun 20-də Qərb ölkələri pul islahatı keçirdilər. Dəyərdən düşmüş reyxsmarka yeni döyçmarka ilə əvəz olundu. Üç gün sonra isə SSRİ öz zonasında analoji islahat keçirdi. Bu islahat əslində köhnə reyxsmarkaların üzərinə möhür vurub, yenidən dövriyyəyə buraxmaqdan ibarət idi. Beləcə, Almaniyada iki pul vahidi ortaya çıxdı. Bundan sonra Moskva iddia etdi ki, Berlin sovet işğal zonasında yerləşdiyindən bütün şəhərdə Şərqi Almaniya markası işlənilməlidir. Qərb ölkələri isə bunu rədd etdilər. 

Get-gedə artan fikir ayrılıqları və birgə idarənin mümkünsüzlüyü fonunda SSRİ Berlinin xüsusi statusuna son verməyi, şəhəri tamamilə öz nəzarətinə keçirməyi qərara aldı. Bunun üçün Qərbin işğal zonaları ilə Berlindəki işğal sektorlarının, başqa sözlə, Qərbi Almaniya ilə Qərbi Berlinin əlaqəsini kəsmək lazım idi.

 

*** 

Qərb ölkələrinin Berlindəki işğal sektorları ilə üç yerüstü kommunikasiya vasitələri vardı: dəmiryolu, avtomobil yolu və çay nəqliyyatı. Hava dəhlizindən fərqli olaraq yerüstü nəqliyyatı tənzimləyən heç bir müqavilə yox idi və Moskva bundan istifadə etmək qərarına gəldi. 

Hələ aprel ayından qərbli hərbçilərin sovet zonasından tranzitlə istifadə edərək Qərbi Almaniyadan Qərbi Berlinə gediş-gəlişlərində məhdudiyyətlər tətbiq olundu. Əvvəlki dövrdən fərqli olaraq, onlar saxlanılır, sənədləri yoxlanılırdı. Üstəlik, hava dəhlizi üzrə uçuşlara da müəyyən maneələr törədilir, qorxulu vəziyyətlər yaradırdılar. Bu səbəbdən aprelin 5-də SSRİ-nin Yak-3 hərbi təyyarəsi ilə Britaniyanın “Vickers VC.1 Viking” təyyarəsi toqquşdu. Sovet pilotu ilə yanaşı, Britaniya təyyarəsində 14 nəfər həlak oldu.

İyunun 24-də SSRİ Qərb ölkələrinin işğal zonaları ilə işğal sektorları arasındakı bütün yerüstü əlaqəni kəsdi. Bundan əlavə, bütün elektrik stansiyalarının öz işğal zonasında olmasından istifadə edərək, Qərbi Berlinin elektrik təchizatını dayandırdı. Təxminən 2,6 milyon nəfər əhali blokadaya düşdü.

Moskvanın addımları Qərb ölkələrində təbəddülat yaratdı. ABŞ işğal zonasının rəhbəri general Lusius Kley Qərbi Berlinə hərbi karvan göndərməyi və sovetin reaksiyasını yoxlamağı təklif etdi. Amma bu addım isti müharibəyə gətirib çıxarardı. Qərb bunu istəmirdi, üstəlik, hazır da deyildi. İkinci dünya müharibəsi bitəndən sonra hərbi qüvvələrində ixtisar aparılmış, Almaniyadakı hərbi qüvvələri SSRİ qüvvələrindən xeyli az idi. Məsələn, ABŞ-ın Almaniyada cəmi 98 min nəfərlik qoşunu vardı, bunun da 9 mini Qərbi Berlində yerləşirdi. SSRİ-nin isə Almaniyada 1,5 milyonluq hərbi qüvvəsi vardı.

Buna görə də hava dəhlizindən istifadə etmək qərarı verildi. Hərçənd, o qədər əhalini təyyarələrlə təchiz etməyin mümkünlüyü inandırıcı görünmürdü. Ən pessimistlərdən biri elə general Kley idi. Amma başqa çarə yox idi və o, eləcə də Avropada ABŞ HHQ-nin komandanı general Lemey qollarını çırmalayıb, işə başladılar. Berlinin meri Reyter isə amerikalılara “siz havada hər şey edin, yerdəkini mən təşkil edəcəyəm” vədini verdi. Bu zaman Qərbi Berlində 45 günlük daş kömür, 36 günlük ərzaq ehtiyatı qalmışdı.

Hava təchizatı iyunun 26-da başladı. İlk günlər təyyarə azlığı səbəbindən istənilən qədər yük daşınmırdı. İlk gündə cəmi 32 təyyarə havaya qalxdı və cəmi 80 ton yük apardı. Halbuki 2,6 milyonluq əhalinin həm ərzaq, həm də kömür, benzin ehtiyatını ödəmək üçün hər gün 4-5 min ton yük daşınmalı idi. Amma qərblilər, xüsusən ABŞ tədricən öz qüvvələrini artırdılar, Almaniyaya yeni təyyarələr gətirildi, mülki şirkətlərdən icarəyə götürüldü. 

Təyyarələrin artması isə yeni çətinlik yaratdı: müxtəlif modelli və müxtəlif sürətli bu təyyarələrin Qərbi Berlinə fasiləsiz axınını təşkil etmək lazım idi. Buna görə təyyarələr Berlinə gedərkən üç dəhlizdən ikisindən istifadə edirdilər: Hamburqdan və Frankfurt-Mayndan Qərbi Berlinə uçur, ortadakı dəhliz vasitəsilə Hannoverə qayıdırdılar. Uçuş üçün hər dəhlizdə beş mərtəbə mövcud idi. 

Hər təyyarənin bir eniş şansı var idi. Əgər hər hansı səbəbdən enmək mümkün olmazdısa, konveyeri pozmamaq, enmək istəyən digər təyyarələrə mane olmamaq üçün yükü boşaltmadan geriyə qayıtmalı idin. Uçuşların, demək olar, ¾ hissəsini amerikalılar, qalanını britaniyalılar həyata keçirirdilər. Digər ölkələrin qatqısı cüzi idi.

Sovet tərəfi Qərb müttəfiqlərinin bu cəhdlərini istehza ilə qarşıladı, amma bu istehza tezliklə heyrətə döndü. Qeyd etmək lazımdır ki, ruslar qərb sektorlarındakı əhalinin Şərqi Berlinə inteqrasiyası üçün sovet administrasiyasından ərzaq kartoçkaları götürməyi təklif edirdilər. Amma cəmi 100 min qərbi berlinli (3,84%) bu kartoçkalardan götürmüşdü. 



Üç il əvvələ qədər ABŞ və Britaniya aviasiyasından gizlənən berlinlilər indi təpələrdən, evlərin balkonlarından və pəncərələrindən boylanaraq, onların yolunu gözləyirdilər. Çünki həmin aviasiya indi işıq və istilik əldə etmək üçün yanacaq və ərzaq daşıyırdı. Üstəlik, özü keçmiş kommunist olan Ernst Reyter indi Qərbi Berlinin kommunist əsarətinə düşməməsi üçün çalışırdı.

Berlinlilər arasında Qərb ölkələrinin bu təchizatdan usanıb SSRİ-yə güzəştə gedəcəkləri, özlərinin alver predmeti olacaqları qorxusu geniş yayılmışdı. 1948-ci il sentyabrın 9-da Reyxstaqın binası qarşısında böyük, 350 mindən çox adamın iştirak etdiyi mitinq keçirildi. Burada Reyter məşhur nitqini söylədi: 

“Bu gün qoy diplomatlar və siyasətçilər sussunlar. Bu gün dünya Berlin əhalisinin səsini eşidəcək. Dünya xalqları! Amerika, İngiltərə, Fransa, İtaliya xalqları! Bu şəhərə baxın. Siz Berlini və berlinliləri tərk edə bilməzsiniz! Və bunu etməyəcəksiniz!” 

Bu nəhəng mitinq ictimai rəyə önəm verən ABŞ-da xüsusi rezonans doğurdu. 

Sovet rəhbərliyi qışa böyük ümid bəsləyirdi (indi Putin bəsləyən kimi), çünki bu zaman istilik əldə etmək üçün daş kömür daşınmasını xeyli, iki dəfəyə yaxın artırmaq lazım gələcəkdi. Amma Qərb ölkələri bunun da öhdəsindən gəldilər. Xoşbəxtlikdən qış da nisbətən mülayim keçdi.

Qərbi Berlinin blokadasına cavab olaraq, ABŞ və Britaniya da sovet işğal zonasına qarşı əks-blokada təşkil etmişdilər: Şərqi Almaniyaya daş kömürün və poladın göndərilməsi dayandırılmışdı. Bu isə sovet işğal zonasının sənayesinə ciddi təsir edirdi. Buna görə də Qərbi Berlinin blokadasının istənilən effekt vermədiyini görən Stalin 1949-cu il mayın 12-də blokadanı qaldırdı. Buna baxmayaraq, Qərb ölkələri ehtiyat bolluğu yaratmaq üçün sentyabrın 30-a qədər hava dəhlizi vasitəsilə təchizatı davam etdirdilər.

15 ay ərzində 278 228 uçuş həyata keçirildi. Başqa sözlə, orta hesabla hər gün 600 (!) uçuş. Yaxud, orta hesabla hər 2 dəqiqə 24 saniyədə bir uçuş. Amma bu, orta hesabla idi, təchizatın ən gərgin vaxtlarında uçuşlar arasındakı fərq 1 dəqiqədən də az olub. Hava şəraitindən asılı olmayaraq, yaxşı havada, pis havada, dumanda, yağışda, qarda, gecə və gündüz hər gün yüzlərlə təyyarə.

Ümumən əməliyyat zamanı 2,3 milyon tondan çox yük daşındı. Onların 76,4% amerikalıların, 23,3% isə britaniyalıların payına düşür. Gün ərzində rekord təchizatın 12 941 ton olduğu söylənilir (1949-cu ili aprelin 15-dən 16-a qədər). Amerika təyyarələri 148 milyon km qət etdilər ki, bu da təxminən Yerdən Günəşə qədər olan məsafəyə bərabərdir. 

Tempelhof və Qatov hava limanında işləyən berlinlilər də yükü boşaldarkən xarüqələr yaradırdılar. 12 nəfərdən ibarət briqadanın 10 tonluq yükü 5 dəqiqə 45 saniyəyə boşaltması faktı məlumdur.

Belə nəhəng əməliyyatın qəzasız baş verməsi möcüzə olardı, təəssüf ki, möcüzə baş vermədi. Nəticədə, 39 britaniyalı, 31 amerikalı pilot və 13 berlinli həlak oldu. 

 

*** 

Blokadanın qaldırılmasından 11 gün sonra, mayın 23-də ABŞ, Böyük Britaniya və Fransanın işğal zonasında - Trizoniyada Almaniya Federativ Respublikası yaradıldı. SSRİ, buna cavab olaraq, oktyabrın 7-də öz işğal zonasında Almaniya Demokratik Respublikasını yaratdı. Qərbi Berlin isə xüsusi siyasi vahid kimi öz mövcudluğunu sürdürdü. Bu parçalanmış vəziyyət 1990-cı il oktyabrın 3-ə kimi davam etdi.

Berlin blokadasının ən sentimental əhvalatı “kişmiş bombardmanları”dır ki, onun haqqında da növbəti məqaləmdə danışacağam.