Logo
news content
User
Kateqoriyalar

Xəbər

Media Reyestrindən imtinaya çağırış edildi

Bir qrup jurnalist və media mütəxəssisi “Media haqqında” qanunun tətbiqi nəticəsində ortaya çıxan problemlərlə bağlı mövqe sənədi yayıb. Sənəddə qeyd olunur ki, “Media haqqında” qanunun xüsusilə də Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığı ilə bağlı ciddi problemlər yaradır: “Yeni qanunvericilik media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur. Reyestrin aparılması qaydaları 26 sentyabr 2022-ci ildə təsdiqlənib. Qanunun tətbiqinin media, jurnalist azadlığına, onların hərəkət və fəaliyyət sərbəstliyinə çox ciddi neqativ təsirlərə məruz qoyması qaçılmazdır. Ümumilikdə qanun Azərbaycan Konstitusiyasına və ölkənin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasına ziddir, bu, Avropa Şurasının Venesiya Komissiyasının rəyində də aydın şəkildə göstərilib, şərh edilib.

Media Reyestrinin formalaşdırılmasına başlandıqdan sonra tənzimləyici orqan olan Medianın İnkişafı Agentliyi uzun müddətdir ki, fəaliyyət göstərən 10-dan artıq medianın reyestrə daxil edilməsindən texniki səbəbləri əsas gətirərək imtina edib, 10-larla media qurumuna və jurnalistə xəbərdarlıq olunub. Həm bu, həm də reyestr formalaşdırılmasından sonrakı mərhələ 100-lərlə medianın fəaliyyətinə reyestrdə olmamalarına görə xitam verilməsi təhlükəsi yaradır. Hazırda qeydiyyatdan keçməyən medialar, jurnalistlər hətta parlamentin açıq iclaslarına buraxılmır, regionlarda jurnalistlərin peşə fəaliyyətlərini həyata keçirməsinə əngəllər yaradılır. Belə bir xoş olmayan durum təkcə 100-lərlə mediada çalışanların fərdi problemlərlə üzləşməsi deyil, ölkənin media və ifadə azadlığı ilə bağlı gələcəyinə sağalmaz yaralar vuracaq.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın heç bir mütərəqqi ölkəsində belə məzmunda media qanunvericiliyinin mövcud olmadığını vurğulayaraq “Media haqqında” qanunun reyestrin yaradılması ilə bağlı müddəalarının qanundan çıxarılmasını tələb edirik”.

Mövqe sənədini Ələsgər Məmmədli, Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Alya Yaqublu, Xalid Ağalıyev, Kamran Mahmudov, Mehman Əliyev, Rövşən Hacıbəyli, Şəmşad Ağa, Şahnaz Bəylərqızı, Natiq Cavadlı, Şahin Cəfərli, Qənimət Zahid, Mustafa Hacıbəyli, Samirə Əhmədbəyli və başqaları imzalayıb.

2022-ci il fevralın 8-dən qüvvədə olan “Media haqqında” qanuna görə, media subyektlərinin reyestrdən keçməsi mütləqdir. Media Reyestri 2022-ci il oktyabrın 14-də sistem işə düşüb. Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində (2023-cü il aprelin 14-dək) bu işə məsul Medianın İnkişafı Agentliyinə müraciət etməlidir. Əks halda agentlik məhkəmə qarşısında onların fəaliyyətinin qanuna uyğunsuzluğu məsələsini qaldıra bilər.

Qanuna görə, bu qəzetlər davamlı yayımlanan nəşr hesab olunur: 1 il ərzində 12 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər; 1 il ərzində 9 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər; 1 il ərzində 6 nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər.

İldə azı 2 dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər davamlı yayımlanan dövri nəşr hesab olunur.

Onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində gündəlik azı 20 özəl kütləvi informasiya (dövlət orqanlarının (qurumlarının) rəsmi məlumatları və agentliklərin informasiyaları nəzərə alınmadan) dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.