Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariupoldan 3 uşağıyla qaçmış ana: "Yenə ac qalacağımızdan qorxan 5 yaşlı oğlum hələ də ehtiyat çörək saxlayır"


Ukraynanın Mariupol şəhərinin onminlərlə sakini həftələrdir ki, mühasirə şəraitində yaşayır.





Şəhərdə nə işıq var, nə su, nə də qaz. Yardımların çatdırılması üçün humanitar dəhlizlər açmaq və şəhər sakinlərini təxliyə etmək cəhdləri uğursuzluqla nəticələnib. Ancaq şəhərdən qaçmağı bacaranlar üçün çətinliklər davam edir. Xüsusən də uşaqlar üçün.





Nadya Denisenko üç övladıyla birlikdə fasiləsiz şəkildə bombalanan Mariupol şəhərində - yaxınlığında artilleriya mərmisi partladığı üçün pəncərələri qırılıb tökülmüş soyuq mənzildə üç həftə yaşadıqdan sonra ordan çıxa bilib. Günlərlə yemək qıtlığı çəkiblər. Su isə, demək olar ki, heç olmayıb.





Beş, 14 yaşlı oğulları və 12 yaşlı qızıyla yeni evdə keçirdikləri ilk günü Nadya belə təsvir edir: "Su butulkasını görəndə çox sevindik. Bir neçə saniyəyə içib qurtardıq".





"Ana, çörək istəyirəm - müharibə başlayanda kiçik oğlum mənə belə demişdi. Ordan çıxandan sonra ilk aldığımız şeylər çörək, kolbasa və su oldu".





Bu, inanılmaz bir faciənin içindəki cəsarət hekayəsidir. Günlərlə qalın divarların arasında yaşayıblar. Gecələr zirzəmidə qalıblar. Səhərlər saat 5-dən oyanıblar - bəzən uzaqda, bəzən lap yaxında eşidilən partlayış səsləri yatmağa imkan verməyib.





"Cəhənnəmi gördük. Səhərə sağ çıxıb-çıxmayacağımızı bilmirdik", - Mariupolda bir supermarketdə işləmiş 39 yaşlı Nadya belə deyir.





Rusiya qoşunlarının nəzarətinə keçəndən sonra şəhərdə dəhşətli vəziyyət yaranıb. Havadan, qurudan və dənizdən atılan bombaların altında minlərlə insan həlak olub. Xeyli sayda şəhər sakini kütləvi məzarlıqlarda dəfn olunub. Tikililərinin çoxu dağıdılmış şəhər xarabalığa çevrilib.





"Ağır toplar atırdılar. Heç nə veclərinə deyildi. Hər partlayışda oğlum bunun nə olduğunu soruşurdu. Deyirdim, qorxma oğlum, fişəng atırlar", - Nadya belə deyir.





Çöl evdən daha isti olduğu üçün onlar vaxtlarının çoxunu küçədə keçiriblər. Qonşuları da yeməyi küçədə bişirirmiş. Ancaq son iki gündə heç nə tapmayıblar, hətta qarğıdalı yarması və yulaf da. Orda pulun olması da vəziyyəti dəyişməyib, çünki şəhərdə ərzaq qalmayıbmış.





Mariupoldan çıxmaq cəhdlərinin birində təxliyə yerinə gediblər. Orda maşınlar varmış, amma rusiyalı hərbçilərin hücumu başlayıb. Bir nəfər Nadya və uşaqlarını dağılmış bir binaya aparıb. Orada təhlükədən uzaq olacaqlarını düşünüblər.





"Şəhərdən çıxanda qorxunc bir hadisənin şahidi olduq. Maşınlardan birinin üstünə mərmi düşmüşdü. Sürücüsü hərbçiydi, ailəsini şəhərdən çıxarmaq istəyirmiş. Başından yaralanmışdı. Onu zirzəmiyə apardıq. Həkim olmayan gənc bir qadın iynə-sapla yarasını tikdi. Evə qayıdanda oğlum məndən soruşdu ki, "ana, bizi niyə öldürmək istəyirlər?" Nə deməli idim?! Bu sualın cavabını bilmirdim".





Bir neçə gün sonra - martın 17-də bir mülki karvanla onlar, nəhayət ki, şəhərdən çıxa biliblər. Əvvəl Manqus adlı kəndə, sonra Rusiyanın nəzarətində olan Berdianska gediblər. Daha sonra Zaporojyeyə gedən bir avtobusa miniblər. Nadya yolda rusiyalı hərbçilərin və separatçıların qurduğu çox sayda barrikada olduğunu deyir:





"Elə hey avtobusu saxlayırdılar. Kişiləri, telefonlarımızı yoxlayırdılar. Mariupolda çəkdiyim bütün şəkilləri silmişdim".





"Şəhərdən çıxanda üstüm-başım palçıq içindəydi. İçməyə su tapmırdıq, necə çimə bilərdik ki?"





O və uşaqları Zaporojyedən Lvova beş günə gedə biliblər. Çox kiçik hissəsi zədələnmiş bu şəhərdə müharibəni xatırladan yeganə şey gündə bir neçə dəfə eşidilən hava həyəcanı siqnalıdır.





Nadya Lvovda təhlükədən uzaq olduqlarını deyir:





"Yemək də ala bilirik. Ancaq oğlum qaldığımız mənzilin bir neçə yerində ehtiyat çörək və qənd saxlayır. Niyə belə etdiyini soruşdum, dedi ki, sabah da yeməyə bir şeyimiz olsun".





Denisenko uşaqlarının bu travmaların öhdəsindən gələcəklərini deyir. Artıq qızı Lvovda özünə yeni dostlar tapıb.





Nadya müharibə bitəndən və Mariupol bərpa ediləndən sonra ora qayıdacaqlarına inanır:





"Şəhər xarabalığa çevrilib. Halbuki Mariupol çox canlıydı, daim inkişaf edirdi. Mükəmməl şəhər idi. Bütün bunlar niyə baş verdi, bunu niyə etdilər, anlamıram". Bu materialın hazırlanmasında Orysia Khimia da iştirak edib. (BBC)