Lukaşenkodan ABŞ-a uyğur ittihamı: "İstəyirlər ki..."
28 Fevral 2023
Belarus prezidenti Aleksandr Lukaşenko Vaşinqtonu “Çində vətəndaş müharibəsi törətmək istədiyinə” görə ittiham edib. Onun fikrincə, ABŞ Çindəki uyğurların hüquqları ilə bağlı vəziyyəti məhz buna görə dramatikləşdirir.
Pressklub.az xəbər verir ki, Çin mediasına açıqlamasında Belarus prezidenti deyib: “Situasiyanı gərginləşdirirlər ki, insan haqları yoxdur... Guya amerikalılar gəlib uyğurlara “demokratiya” bərqərar edəcək, insan haqları ilə bağlı yardım edəcəklər... Boş şeydir. Onlar sadəcə olaraq, bu yolla Çinə daxil olmaq və vətəndaş müharibəsini alovlandırmaq istəyirlər. Onlar Çini zəiflətmək istəyirlər”.
Prezidentin sözlərinə görə, Vaşinqton ayrı-ayrı ölkələrə və regionlara nəzarət etmək üçün yollar axtarır. Bununla belə, o əlavə edib ki, ABŞ bütün cəbhələrdə müharibə apara bilməyəcək, çünki dünya dəyişib və müasir reallıqlarda bütün ölkələrin maraqlarını nəzərə almaq lazımdır. “Qərbin Afrikada etməyə çalışdığı kimi neokolonializm siyasəti yürütməyin. Dünya yalnız bu axarda inkişaf etməlidir”, - Lukaşenko bildirib.