Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko "yox olub" - Ağır xəstə olduğu deyilir

Belarusun avtoritar lideri Aleksandr Lukaşenka mayın 14-də Dövlət Bayrağı, Gerb və Himni Günü tədbirlərinə qatılmayıb. Yayılan xəbərlərə görə, buna səhhətinin pisləşməsi səbəb olub.

Minskdə keçirilən tədbirlərdə Lukaşenkanın adından baş nazir Raman Qolovçenko çıxış edib.

Zatulin onun xəstəliyini bildiyini deyir


Lukaşenka son üç həftədə bir sıra dövlət tədbirlərinə qatılmayıb. 68-yaşlı liderin sağlıq durumu ilə bağlı rəsmi açıqlama verilməyib. Təsdiqlənməmiş məlumatlarda onun mayın 13-də Minskdə xəstəxanaya aparıldığı bildirilir.

Moskvada 9 May Qələbə Gününə qatılan Lukaşenkanın vəziyyətinin yaxşı olmadığı, sağ əlində sarğı görünürdü. Rusiya Dövlət Dumasının üzvü mayın 14-də Rusiya Lukaşenkanın xəstə olduğunu, amma bunun ciddi bir şey və ya COVİD olmadığını bildirib.

Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin “Podyom” nəşrinə müsahibəsində Lukaşenkanın nədən əziyyət çəkdiyini bildiyini desə də, onun xəstəliyini açıqlamayıb: “Adam xəstə olsa da, Moskvaya gəlməyi özünə borc bildi və həmin axşam Minskdə tədbirlər keçirdi. Yəqin ki, onun bir az dincəlməyə ehtiyacı var, bu qədər”.

Lukaşenkanın mətbuat xidməti konkret olaraq hər hansı xəstəliklə bağlı açıqlama verməyib, lakin onun “sənədlərlə” işləməyə davam etdiyini bildirib.

Xəstəxanaya getdiyi bildirilir


Mayın 13-ü axşam yayılan xəbərlərdə Lukaşenkanın Minskdəki Respublika Kliniki Tibbi Mərkəzə gəldiyi bildirilib. Onun korteji yaxınlaşanda xəstəxanaya gedən yollar bağlanıb və təhlükəsizlik qüvvələri yol boyunca düzülüb.

Lukaşenka 1994-cü ildən hakimiyyətdədir. Ölkənin seçki komissiyası Lukaşenkanı 2020-ci il seçkilərinin qalibi elan edib. Amma seçkinin saxtalaşdırıldığını, əsl qalibin müxalif siyasətçi Svetlana Tixanovskaya olduğunu bildirən müxalifət etirazlara çıxıb. Lukaşenka rejimi seçkidən sonrakı aylarda kütləvi etirazları zorakılıqla yatırtdı, müxalifləri həbs etdi.

Avtoritar lider daha sonra Moskvanın Ukraynaya qarşı müharibəsində Rusiya prezidenti Vladimir Putini dəstəklədi və Rusiya qüvvələrinə Belarus ərazisindən hazırlıq meydançası kimi istifadəyə icazə verdi.