Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

“Euronews” kanalı hesab edir ki, Belarusda terror aktı planlaşdırmağa və ya terror aktına cəhdə görə ölüm hökmünün tətbiqi həm də siyasi müxalifətə qarşı yönəlib.

Terrora cəhdə görə ölüm cəzasının tətbiqi barədə qanun layihəsi bu ayın əvvəllərində Belarus parlamentində qəbul edilib. Mayın 18-i prezident Aleksandr Lukaşenko qanunu imzalayıb. Qanun mayın 28-dən qüvvəyə minir.

“Euronews” kanalı vurğulayır ki, keçmiş sovet respublikaları arasında Rusiyanın ən yaxın müttəfiqi olan Belarus Avropada ölüm hökmünü qüvvədə saxlamış yeganə ölkədir.

Kanal bildirir ki, terrora cəhdə görə ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsi Lukaşenko hakimiyyəti əleyhinə çıxışlardan sonra hazırlanıb.

Fevralın 24-dən Rusiya Ukraynanı işğal etmək üçün total müharibə aparır. Rusiya Ukraynaya həm də Belarus ərazisindən hücum edir, yəni Moskva Belarusdan tramplin kimi yararlanır.

Bu arada bəzi şəxslər Rusiyanın Ukraynaya qoşun yeritməsini çətinləşdirmək üçün Belarusun dəmiryolu şəbəkəsinin bir hissəsini sıradan çıxarıb. “Euronews” xəbər verir ki, Belarus hakimiyyəti bunu terror kimi qiymətləndirir.

Bundan başqa hakimiyyət 2020-ci ildə prezident seçkisinin saxtalaşdırılmasına, Aleksandr Lukaşenkonun yenidən dövlət başçısı kürsüsünü zəbt etməsinə qarşı etiraza qalxan bir sıra müxalifət nümayəndələrini də terrora cəhd ittihamı ilə həbsə atıb.

Belarus 1991-ci ildən müstəqil dövlətdir. 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə 5 il müddətinə prezident seçilib. 1996-cı ildə onun səlahiyyət müddəti 2001-ci ilədək uzadılıb. 2001-ci ildə Aleksandr Lukaşenko ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb. 2022-ci ilin fevralında referendumla yenilənmiş konstitusiya ona daha iki dəfə prezident seçilmək imkanı verir.

2020-ci ilin avqustunda keçirilən prezident seçkisinin rəsmi nəticələri ölkədə xüsusilə ciddi etirazla qarşılanıb. İctimaiyyət rəsmi nəticələri qəbul etmədiyi üçün davamlı etiraz aksiyaları keçirilib və hakimiyyət repressiyalar aparıb. Bir sıra Qərb dövlətləri hələ də Aleksandr Lukaşenkonun legitimliyini tanımır, 2020-ci il seçkisində onun əsas rəqibi olmuş Svetlana Tixanovskayanı seçkinin həqiqi qalibi, xalqın seçdiyi prezident kimi qəbul edir.

2020-ci ilin kütləvi etiraz aksiyalarından sonra tutulan bir sıra müxaliflərin terrora cəhddə ittiham olunduğunu xatırladan “Euronews” kanalı qeyd edir ki, ölkədə müstəqil qeyri-hökumət təşkilatlarının və KİV-lərin fəaliyyətinə də qadağalar qoyulub və onlar da ekstremist təşkilatlar siyahısına salınıb: “Mayın 18-də Belarusun Qrodno şəhərində 12 müxalifət fəalının, o cümlədən onlara liderlik etdiyi iddia olunan Nikolay Avtuxoviçin işi üzrə yeni məhkəmə prosesi başlanıb. “Vesna” hüquq müdafiə təşkilatının məlumatına görə, həmin 12 nəfər mütəşəkkil dəstənin tərkibində terror aktı hazırlamaqda ittiham olunur. Qrup polis məmurlarından birinin avtomobilini və evini yandırmaqda, 2020-ci ilin axırlarında baş verən etirazlardan sonra isə bir başqa polisin avtomobilini partlatmaqda təqsirləndirilir”.

Qrup fəallarından bəzilərinin əvvəllər də həbs cəzası çəkdiyini xəbər verən “Euronews” kanalı bildirir ki, məsələn, 59 yaşlı Nikolay Avtuxoviç vaxtilə 7 il həbsdə olub: “İndi ona qarşı çoxsaylı ağır ittihamlar irəli sürülüb. Avtuxoviç vətənə xəyanətdə də ittiham olunur”. (Novator)