Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov Bakıda: Azərbaycan-Ermənistan münasibətlərinə dair mühüm mesajlar

Fevralın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Lavrovu qəbul edib.

Pressklub.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı əlaqələrin indiki vəziyyəti və perspektivlər müzakirə edilib.

Prezident İlham Əliyev bildirib ki, Rusiyanın xarici işlər nazirinin səfəri ötən il fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. “Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir” – deyə Prezident bildirib.

Prezident daha sonra Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması üçün Rusiyanın atdığı addımlardan söz açıb: “Ümidvaram ki, 2023-cü il bu münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda, biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  Prezident Putinin səmimi salamlarını və dostcasına arzularını çatdırıb.

Nazir qeyd edib ki, yazda Rusiyada Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd ediləcək.

Regional təhlükəsizlik barədə danışan Lavrob deyib: “Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.