Küçə süpürgəçisi: "Ölümümüzə qol çəkib işləyirik"
03 Aprel 2023
Onların bir çoxu tezdən işə çatmaq üçün səhər saat beşdən, hətta bəzən daha tez oyanmalıdırlar. Çünki işləri başqalarından tez başlayır. Söhbət səhər yuxusunun ən şirin yerində ayılıb, şəhərlərin təmizliyi üçün bəzən həyatını belə təhlükəyə atmağa məcbur qalan küçə süpürgəçilərindən gedir.
Ötən ilin sonlarında Bakının Sabunçu rayonunda 36 yaşlı və 7 aylıq hamilə olan küçə süpürgəçisi Pərvanə Məmmədova iş başında - avto-qəzada həyatını itirdi. Bu hadisə təmizlik işçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırdı.
Küçə süpürərkən həyatını itirmiş Pərvanə Məmmədova Sabunçuda kirayə qalırmış. O, qayınana və qayınatası ilə birlikdə küçə süpürgəçisi işləyirdi.
Onlarla danışmaq üçün Sabunçu rayonunda küçə süpürgəçilərinin toplaşdığı əraziyə yollanıram. Xarabalığı xatırladan geniş bir ərazinin içində təxminən 10 -15 nəfər işçinin daldalanmaq üçün gəldikləri taxtadan düzəldilmiş yöndəmsiz, balaca bir daxmaya daxil oluram.
İki hissədən ibarət olan bu daxmanın bir hissəsində dincəlmək saatında olan 6-7 nəfər qadın, digər hissəsində isə balaca bir odun peçinin ətrafında isinməyə çalışan 3-4 nəfər qadınlı-kişili işçiləri görürəm. Gözümə ilk dəyən Pərvanə Məmmədovanın qayınatasıdır. Mən onunla dekabr ayında danışmışdım. Təxminən 65 yaşlarında olan və sobanın ətrafında dayanan bu kişinin gözlərində hələ bir neçə gün əvvəl itirdiyi gəlininin ölümünün şokunu və dərin kədərini görməmək mümkünsüzdür. Müsahibə vermək istəmir. Bir üzü mənə, bir üzü peçə sarı dayanıb, eləcə bircə cümləni təkrarlayır:
“Nə olursa, olsun, nə qədər əziyyət də çəksəm də, uşağı oxudacağam mütləq”.
O, Pərvanə Məmmədovanın anasız qalan 5 yaşlı qızını nəzərdə tutur. Gəlinini və doğulmamış 7 aylıq nəvələrini itirən bu ailə indi bütün ümidlərini 5 yaşlı nəvələrinə bağlayıb. Sevinc Yusifova deyir ki, gəlini öz xəttində, yəni, dayanmalı olduğu ərazisində dayanaraq küçə süpürərkən onu maşın vurub.
“Əlimizdə olanı o uşaq üçün xərcləyirik. Heç olmasa, bizə bir otaq da olsa, ev verilsəydi, kirayə pullarını yığıb, bu uşağın gələcəyi üçün xərcləyərdik”, - o deyir.
Sabunçu rayon Komunal Təsərrüfat İdarəsindən BBC-yə bildiriblər ki, Pərvanə Məmmədovanın ölümündə sürücü günahkar olub. Onlar mərhumun vərəsəlik məsələsi həll olunduqdan sonra ailəyə sığorta pulu ödənəcəyini və bu məbləğin təxminən 10 min manat civarında olacağını deyib.
Pərvanə Məmmədovanın ölüm işini araşdıran müstəntiq BBC-yə deyib ki, ekpertiza rəyi hazır olmadığı üçün günahın piyadada və ya sürücüdə olduğunu deyə bilməz.
Digər müsahibim Tünzalə Salahova isə 2018-ci ildə yenə də Sabunçu rayonu ərazisində yolu süpürərkən avto-qəzada həyatını itirən daha bir küçə süpürgəçisi Cəmilə Salahovanın bacısıdır. O, bacısının ölümünü belə xatırlayır:
“Biz ikimiz də eyni yerdə küçə süpürgəçisi işləyirdik. Onun iki qızı var. Uşaqlara baxmaq üçün mən səhər növbəsində, o isə axşam növbəsində işləyirdi. Axşam saat 6 olardı, mənə zəng gəldi ki, Tünzaləni maşın vurub. Qaçdım, getdim, biri dedi ölməyib, biri dedi xəstəxanadadır. Axır ki, gəlib, gördüm ki, küçəni süpürdüyü yerdə maşın vurub, qaçıb”.
Bacısının ölümündən sonra bütün həyatının cəhənnəmə çevrildiyini deyən Tünzalə Salahova bildirir ki, indiyə kimi də aparılan istintaqla bağlı şübhələri qalıb:
“Vallah, dedilər, guya kamaz vurub, amma nə qədər yalvardım, müstəntiq mənə video görüntülərin hamısını göstərmədi. Bir kamazın yola gəlişini, bir də çıxışını göstərdi. Bacımın vurulduğu yeri göstərmədilər. Kamaz vurub, qaçır, sonradan ona kimsə xəbər edir ki, adam vurmusan o da geri qayıdır. Mən hələ də şübhələnirəm ki, görəsən, bacımı vuran doğrudan da o idi, yoxsa, elə o, narkomanın biri olduğu üçün onun üstünə atdılar?”
Beş il əvvəl itirdiyi bacısının iki qızını himayəsinə götürən Tünzalə Salahova bu ölümdə köhnə rəhbərlikdən birini ittiham edir:
“Bacımgil 4 işçi idi, müdir müavininin işçilərin 3-ü ilə ədavəti var idi. Onları işdən çıxardı, o gündən bacımı 4 adamın yerinə işlədirdi. Ona nə qədər yalvar-yaxar elədim ki, mənim bacımın bir böyrəyi yoxdur. İcazə ver, mən də ona kömək edim. Razılaşmadı, dedi, yox, bacın bacarır. İnanın, bacım hər gecə evə elə vəziyyətdə gəlirdi ki. Deyirdi ki, kürəyimin ağrısından ölürəm. Bacıma bir adamın maaşını verib, 4 nəfərin yerinə işlədirdilər. Amma o öləndə, gecə ilə hamıya qol çəkdirdilər ki, guya, onlar işdə 4 nəfər olublar”.
Sabunçu rayonu Komunal Təsərrüfat İdarəsindən BBC-yə bildirirlər ki, ittihamlar hazırkı rəhbərliyə aid deyil və qurumun həmin şəxslə əlaqəsi yoxdur.
BBC ittiham olunan sabiq rəhbərliyi tapa bilməyib.
Yerli medianın yazdığına görə, 2022-ci ildə üç nəfər küçə süpürgəçisi iş vaxtı avto-qəza nəticəsində həyatını itirib. Bundan başqa, hər il eyni səbəbdən təkcə həyatını itirən yox, sağ qalıb, sağlamlığını itirən küçə süpürgəçiləri də var. Rəsmi məlumata görə, onların maaşı 388 manatdan başlayır. Söhbət etdiyimiz küçə süpürgəçiləri BBC-yə ehtiyac ucbatından həyatlarını riskə atmağa məcbur qaldıqlarını deyirlər.
Bəs, təmizlik işçiləri bədbəxt hadisələrdən sığortalanmaq üçün nə istəyirlər? Onlara gördükləri işin həyati riskli olduğu əvvəlcədən deyilirmi? Keçmiş küçə süpürgəçisi Tünzalə Salahova deyir ki, o, işlədiyi zaman risklərdən xəbərdar imiş:
“Rəhbərlik bizə işimizin riskləri haqda məlumat verirdi. Amma nə olsun? Biz işləməli idik. Hamı öz çörəyini qazanmağa, öz balasına görə, məcbur qalıb, işləyirdi. Biz o işə qəbul olmamışdan əvvəl ölümümüzə qol çəkirdik. Özümüz öz xoşumuzla sənədə qol çəkirdik ki, bəli, mən öz xoşumla bura işləməyə gəlmişəm. Ölsəm də, heç kəs məsuliyyət daşımır. Ölsək də gedirdik, qalsaq da gedirdik”.
Sabunçu Komunal Təsərrüfat İdarəsinin rəisi Anar Qalayev BBC-yə bildirib ki, işçilərin imza çəkdiyi sənəd onların vəzifə təlimatları ilə bağlıdır. O, həmin sənədi BBC-yə göndərəcəyini desə də, sonradan imtina edib. Qurum rəhbəri işçilərə təlim keçildiyini də deyib:
“Hər ay işçilərə təlimat keçilir. Hansı formada işləməlidirlər, səkinin yanında hansı formada durmalıdırlar, hansı xəttin üzərində dayanmalıdırlar, işçilər bunların hamısı ilə bağlı təlimatlandırılır”.
Tünzalə Salahova isə deyir ki, bacısının vəfat etdiyi ərazi havalimanı yolu olduğu üçün orada işçilər yox, texnika təmizlik aparmalıdır:
“Axşam vaxtı havalimanı yolunda mənim bacımın nə işi vardı ki, o yolda da ölsün? Ora Prezident yoludur. Dövlət bu yollar üçün maşın ayırmalıdır, işçiləri isə kənar yollarda işlətməlidir”.
Anar Qalayev BBC-yə deyir ki, onların “o qədər səkiyə maşın çatdırmağa imkanları yoxdur”:
“Onda gərək hər idarənin 100-150 maşını olsun ki, bunu çatdıra bilsin. Maşın magistral yollar üçün nəzərdə tutulur. Çünki orada sürət həddi yüksək olur”.
Küçə süpürgəçilərinin magistral yollarda da işləməsini idarə rəisi belə şərh edir:
“Səhər-səhər maşın ərazini süpürür. Ondan sonra isə bizim işçilər çıxıb, maşının yığa bilmədiyi əlavə tullantıları yığırlar”.
Anar Qalayev bunun işçilərin həyatı üçün yaratdığı təhlükə ilə bağlı suala cavab olaraq deyir ki, “bu qanunları onlar təyin etmir”:
“Dövlət qanunlarına əsasən, küçələr təmiz olmalıdır. Maşın küçələrin hər yerini təmizləyə bilməz. Ona görə də işçilər də təmizlik aparmalıdır”.
Əmək Hüquqlarının Müdafiəsi İntitutunun həmtəsisçisi və direktoru Fərid Rüstəmzadə BBC-yə təmizlikçilərin təhlükəsizliyinin kompleks məsələ olduğunu bildirir:
“Birincisi, iş qrafiki məsələsidir. Bununla bağlı öncədən müəyyənləşdirilmiş qrafik olmalıdır. Adətən, bu saatlar avtomabillərin intensiv olmadığı zamanlara təyin olunur. Lakin bununla bağlı işçilər bizə bildirirlər ki, həmin saatlarda küçələr qaranlıq olduğu üçün onlar işləyə bilmir. Deməli, küçələrin işıqlandırma problemi də dolayısıyla, işçi ölümlərinə səbəb olur”.
Fərid Rüstəmzadənin sözlərinə görə, maşınların hərəkətinin məhdudlaşdırılması, təhlükəsizlik nişanlarının qoyulması kimi tədbirlər də işçi ölümlərinin qarşısını ala bilər:
“Həmin ərazilərə lentlər çəkilməlidir. Dirəklər qoyulmalıdır, həmin ərazilərdə işləyən işçilərə işıq qaytaran elementləri olan geyimlər verilməlidir. Mərkəzi küçələrdə biz işçilərin bu geyimi geyindiyini görürük, amma digər ərazilərdə bu geyimlər olmur. Hətta bəzən görürük ki, işçilərə adi yaşıl parçadan tikilmiş jiletlər geyindirirlər. Halbuki, bu jiletlər nəinki işığı qaytarır, əksinə, işığı udur. Yəni, bir az alaqaranlıq olsa, sürücülər onları görməyəcək”.
Tünzalə Salahova indi təkcə öz bacısının ölümü üçün yox, həm də ötən il iş qəzasında həyatını itirəndə 7 aylıq hamilə olan Pərvanə Məmmədova üçün də göz yaşlarını saxlaya bilmir:
“Nəyə görə mənim bacım ölməli idi? Nəyə görə 7 aylıq hamilə qadın ölməli idi? Nəyə görə onun qızı anasız qalmalı idi?”
Böyük çətinliklə də olsa, ölümündən sonra dövlətdən bacısı üçün 13 min manat sığorta ödənişi aldığını deyən Tünzalə Salahova artıq anasız qalan qızlara ev tikildiyini də bildirir.
“Artıq böyük qızın 18 yaşı tamam oldu deyə, ona verilən 100 manatı kəsdilər. Onlara baxdığıma görə 100 manat mən alıram, 100 manat balaca qız alır. Heç nəyə çatdıra bilmirəm. Məcbur zibillikdən dəmir-dümür yığıb, satıram. Xahiş edirəm, dövlət mənə kömək etsin. Sosial Müdafiə Nazirliyi mənə pensiya versin”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC-yə bildiriblər ki, indiki halda Tünzalə Salahovaya güzəşt olunması mümkün deyil. Çünki qanunvericiliyə görə, bu hüquq beş və daha çox uşaq doğan, övladlığa və ya qəyyumluğa götürən qadınlar üçün müəyyən şərtlər daxilində yaranır.
"Vaxtından əvvəl pensiyaya çıxmaq üçün şəxsin sağlamlığında əlillik yaradacaq durum olmalıdır ki, Tünzalə Salahova bu kateqoriyaya da uyğun gəlmir", - qurumdan bildiriblər.
Ölümündən sonra 5 ildir bacısını hər gecə yuxuda gördüyünü deyən Tünzalə Salahova BBC-yə bildirir ki, bacısı həyat yoldaşından boşanıbmış:
“Sağlığında bir manat da aliment vermədi. Bacımdan bir neçə il sonra da öldü”.
Tünzalə Salaova son olaraq deyir ki, indi o, himayəsindəki iki qızın gələcək taleyindən nigaran olduğu üçün "ölməyə belə", qorxur. Çünki onları kimin ümidinə qoyacağını bilmir.