Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Kriminal ünsürlər Qarabağdan çıxarılmalıdır" - İlham Əliyev

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmalıdır və kriminal ünsürlər ərazidən çıxarılmalıdır. Bu barədə bu gün Azərbaycan prezidenti İlham Əliyev Davosda Litva prezidenti Gitanas Nauseda ilə görüşündə bildirib.

Azərbaycan prezidentinin saytında yer alan məlumata görə, söhbət zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olur və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia edir. Yol mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıqdır, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkəti təmin edilir, deyə Əliyev bildirib.

O, qeyd edib ki, Qarabağda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmalıdır və "kriminal ünsürlər" ərazidən çıxarılmalıdır.

Əliyev Ermənistan tərəfinin iki ildən artıq müddət ərzində Laçın yolundan minaların, silah-sursatın və şəxsi heyətin daşınması üçün istifadə etdiyini bildirib.

Görüşdə həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə təşkil olunan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatının Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması baxımından əhəmiyyəti qeyd edilib.