Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Putinin qohumunun əsirlərlə dəyişdirilməsi təklifinə cavab verdi

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov rəsmi Kiyevin ötən gün xüsusi əməliyyatla saxlanılan Ukraynanın “Həyat uğrunda Müxalifət Platformu” Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçukun ukraynalı əsirlərlə dəyişdirilməsi təklifinə münasibət bildirib.

Kreml rəsmisi bunun mümkün olmayacağını deyib.

Rusiya Prezidentinin sözçüsü bildirib ki, V.Medvedçuk Radanın üzvü, Ukraynada baş verənlərə öz mövqeyi və öz baxışı olan müxalifət partiyasına rəhbərlik edən tanınmış siyasətçidir: “Medvedçuk həmişə sülh tərəfdarı olub, müharibəyə və Donbasda münaqişənin genişlənməsinə qarşı çıxıb. Yeri gəlmişkən, əgər vaxtilə onun partiyasının bu ideyaları nəzərə alınsaydı və Ukraynanın dövlət siyasətinin əsasını təşkil etsəydi, o zaman hərbi əməliyyat da olmazdı.

Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı, tərəfdaşlıq münasibətlərinin qurulmasının xeyrinə fikirləri də məlumdur. Bu mövqe həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ancaq nəzəri olaraq təsəvvür etsək belə, Medvedçukun “xüsusi hərbi əməliyyat” başlamazdan əvvəl Ukrayna ərazisini tərk edəcəyini, əlbəttə, başa düşmək olardı. Gördüyümüz kimi, o bunu etmədi. Medvedçuka qarşı, artıq hamıya məlum olduğu kimi, məhkəmə prosesi aparılırdı. Biz əminik ki, proses tamamilə düşünülmüş bəhanəli və tamamilə siyasi motivlidir. Medvedçuk o vaxt da Ukraynanı tərk etmədi, bu məhkəmədə iştirak etmək üçün çox çətin qərar verdi.

Kiyevdə müxtəlif şəxslərin bu qədər şövqlə, həvəslə, zövqlə danışdıqları mübadilələrə gəlincə, Medvedçuk Rusiya vətəndaşı deyil, onun “xüsusi hərbi əməliyyat”la heç bir əlaqəsi yoxdur. O, xarici siyasətçidir. Biz ümumiyyətlə bilmirik ki, onun özü ona qarşı bu böhtan xarakterli vəziyyətin həllində Rusiyanın iştirakını istəyir ya yox.

Biz şübhəsiz ki, Viktor Medvedçukun taleyini izləyəcəyik. Bununla bağlı, yeri gəlmişkən, söz azadlığına bu qədər önəm verən, siyasi motivlərlə insanın təqib edilməsinin mümkünsüzlüyündən danışan Avropa siyasətçilərinə də səslənirik. Bu elə həmin vəziyyətdir və burada onlardan Kiyev rejiminin bir şəxsi siyasi baxışlarına görə təqib etməsinin qarşısını alacaqlarını gözləmək yerinə düşər. Viktor Medvedçukun başına gələnlər Kiyev rejiminin nədən ibarət olmasının bariz nümunəsidir.

Yekunda isə deyim ki, həm biz, həm də, sözsüz ki, Donbas hakimiyyəti son bir neçə ildə məhbusların mübadiləsini təşkil etdiyinə, o cümlədən Kiyev hakimiyyətinin birbaşa istəyi ilə və onun gördüyü digər humanitar məsələlərin həllinə görə Medvedçuka çox minnətdarıq”.

Qeyd edək ki, Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk ötən gün Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs olunub. O, uzun illərdir ki Ukraynada Rusiya maraqlarını müdafiə edən siyasətçilərdən olub. V.Medvedçukun Rusiya ilə əlaqələri sadəcə siyasi müstəvidə deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putin onun qızının xaç atasıdır.