Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml “düşməni” üzdən tanıyır

ABŞ-ın “Reuters” agentliyi Rusiyada 2000-dən çox məhkəmə işini araşdırıb. Nəticələr Rusiyada üztanıma sisteminə qoşulmuş müşahidə kameralarının hakim rejimə etiraz edən yüzlərlə adamın həbsində mühüm rol oynadığını təsdiqləyir.

Agentlik bildirir ki, Kremlin vətəndaşları güdmək, hakim rejimdən narazı olanları axtarıb tapmaq, zərərsizləşdirmək üçün üztanıma texnologiyasından istifadə etdiyi yeni xəbər deyil: “2017-ci ildə paytaxt Moskvada dünyanın başqa şəhərlərində görünməmiş miqyasda müşahidə texnologiyasının tətbiqinə start verildiyi rəsmən elan olunub. Moskvanın İnformasiya Texnologiyaları Departamenti bəyan edib ki, hüquq mühafizə orqanlarına yardım məqsədilə paytaxt boyu 160 min kamera quraşdırılıb. Kameraların 3 mindən çoxunun üztanıma sisteminə qoşulduğu açıqlanıb”.

“Reuters” qeyd edir ki, həmin kameralardan Rusiyada etiraz aksiyalarına çıxan adamları müəyyənləşdirmək üçün sui-istifadə olunduğu hər kəsə bəllidir. Agentliyin araşdırması zamanı istər məhkəmə protokolları, istərsə də etiraz aksiyalarında iştirakına görə cəzalandırılan şəxslərin polisin onları necə axtarıb tapdığı haqda dedikləri bunu bir daha təsdiqləyir.

2022-ci ilin fevralında total Rusiya-Ukrayna müharibəsi başlanandan Kremlin işğalçı savaşa etiraz edənləri zərərsizləşdirmək məqsədilə üztanıma sistemindən geniş yararlandığını vurğulayan “Reuters” daha bir məsələyə diqqət çəkir. Bildirilir ki, Moskvada üztanıma sistemi dörd şirkətin köməyi ilə qurulub. Onlardan üçü Rusiya, biri Belarus şirkətidir: “Bu şirkətlərdən ən azı üçü üztanıma sistemini işə salmaq üçün ABŞ-ın “Nvidia Corp” və ya “İntel Corp” şirkətlərinin çiplərindən yararlanıb”.

“Reuters” agentliyi “Nvidia” və “İntel” şirkətlərinə məsələ ilə bağlı sorğu göndərib. Hər iki şirkətdən belə cavab gəlib ki, ABŞ hökuməti 2022-ci ilin martında ixrac məhdudiyyətini sərtləşdirəndən sonra Rusiyaya çip satışı dayandırılıb.

“Reuters” qeyd edir ki, Qərb texnologiyasının Rusiyada vətəndaşların təqib olunmasında, susdurulmasında, etiraz aksiyalarının yatırılmasında rol alması yolverilməzdir və bunun qarşısı mütləq alınmalıdır.