Logo
news content
User
Kateqoriyalar

Xəbər

Konfrans Liqası: "Qarabağ" ilk oyunda "Gent"ə qalib gəldi

UEFA Konfrans Liqasının pley-off mərhələsi start götürüb. "Qarabağ" Bakıda keçirilən ilk oyunda Belçikanın "Gent" klubunu qəbul edib.

Matçdan öncə Türkiyə və Suriyada baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qarşılaşmanı Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb.  Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra "Qarabağ"ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın "Gent"i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib.

Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.