Logo
news content
User
Kateqoriyalar

Xəbər

Komitə sədrinin müavini: “Elşad Miri ərəbcəni bilmədən Qurani-Kərimi tərcümə edir”

Dövlət Komitəsi dinşünas Elşad Mirinin “İslamda yoxdur” kitabının idxalına icazə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri İblislə müqayisə etməsi olub.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, qanun və vicdanı qarşısında rahatdır:

“Çünki əminəm ki, seyidi və ya başqa bir insanı İblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa məhkəməsi desə ki, “yox, Elşad Miri seyidləri İblislə müqayisə etməklə düz edib”, artıq buna deyəcək bir sözüm yoxdur. İstəsələr, Hüseyn Cavidin “İblis” poemasını tərcümə etdirib, onlara göndərə bilərəm.

Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib.

Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Qurani-Kərimi necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Qurani-Kərimi tərcümə edən dinşünas gördükdən sonra mollaya nə deyəsən ki?!  Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, xeyr. Deyirəm ki, məhz Qurani-Kərimi tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidirlər”.