Logo
news content
User
Kateqoriyalar

Xəbər

Köhnə avtomobilləri kasıblar gətirirdi: İdxal qadağasının təsirini necə yumşaltmaq olar?

“Azərbaycana gətirilən, istehsal tarixi yeni, mühərrikinin həcmi kiçik olan və xüsusilə ekoloji təhlükəsiz avtomobillərə gömrük güzəştləri edilməlidir”.

Belə bir təklifi istehsal tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağa haqqında danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov səsləndirib. Deputat qeyd edib ki, gömrük güzəştləri yeni avtomobillərə marağın artmasına təkan verə bilər:

“Azərbaycan bir müddət öncə “Avro-4” standartlarına keçidi reallaşdıran zaman istifadə edilə biləcək avtomobillərin istehsal tarixi 10 il müəyyənləşdirilmişdi. Üzərindən vaxt keçsə də, qərara dəyişikliklər edilmədi və bu, tətbiq olunmadı. Azərbaycana idxal edilən avtomobillərin strukturuna diqqət etsək, görərik ki, əksəriyyəti istehsal ili köhnə olanlardır. Daha köhnə olan avtomobillərin idxalı nisbətən azalıb və qiymət baxımından yeni avtomobillərə də tələbin azalması müşahidə olunurdu. Yeni avtomobillərin alışı daha çox avtomobil şirkətlərinin Azərbaycandakı nümayəndəliklərindən həyata keçirilirdi. Ona görə avtomobil parkının köhnəlməsinin qarşısının alınması üçün bu qərar vacib idi.



Nazirlər Kabinetinin qərarı köhnə və nisbətən ucuz olan avtomobillərin bahalaşmasına gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, mühərrik gücü yüksək olmayan avtomobillər üçün gömrük güzəştlərinin edilməsi təklifini səsləndirə bilərik. Xüsusilə, bu, istehsal tarixi yeni olan, ekoloji təhlükəsiz avtomobillərə marağın artmasına gətirib çıxara bilər. Güzəştlər idxalla məşğul olan sahibkarların yeni avtomobilləri gətirmələrinə stimul yaradar. Həmçinin, tələbin artmasına, bu isə qiymətlərin stabilləşməsinə təkan verər”.

Xatırladaq ki, ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı bildirildi.

Nazirlər Kabinetinin bu qərarı müzakirələrə səbəb olmaqla bərabər, ölkədə avtomobil qiymətlərinin yüksələcəyi, bu sahədə tələbatın ödənilməsinə çətinliklərin yaranacağı haqqında narahatlıqlara da gətirib çıxardı. (Oxu.az)