Logo
news content
User
Kateqoriyalar

Xəbər

KİV: Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib

Rusiya Federasiyası tərəfindən verilən axtarış qərarı ilə dünən Podqoritsa şəhərində saxlanılan azərbaycanlı milyarder Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib.

Bu barədə "Vijesti" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb.

Nəşr qeyd edib ki, T. İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəyib: "Buna görə də onun Rusiya Federasiyasına verilməsi sual altında olacaq ".

Podqoritsa məhkəməsi isə oktyabrın 2-də Telman İsmayılov barədə həbs qərarı çıxarıb. Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib. Bu barədə Telman İsmayılovun vəkili bildirib: "Bu gün məhkəmə qərarı ilə o, həbsdə saxlanıldı, yerli vəkillər qərardan apellyasiya şikayəti verdilər, ümid edirəm, gələn həftə bu qərar dəyişdiriləcək və bir aydan gec olmayaraq onun ekstradisiyası ilə bağlı qərar veriləcək".

Qeyd edək ki, T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışa verilib. Qardaşlar qətl və qanunsuz silah alverində ittiham olunurlar.

İstintaq Telman İsmayılovu iki sahibkarın qətlinin təşkilatçısı hesab edir. Sözügedən cinayəti törədən Mehman Kərimov 13 il azadlıqdan məhrum edilib.(APA)