Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kamran Əliyev: "Səfirliyimizə hücumla bağlı İrana çoxlu suallarımız var"

“Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var”.

Bunu REAL TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev deyib.

Kamran Əliyev deyib ki, Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb: "Bu, təşkil olunub”.

Onun sözlərinə görə, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb edilməlidir:

“Bununla bağlı artıq biz Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Danışığımız əsasında həmin vəsatət göndəriləcək və zərurət yaranarsa, bizim buradan prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayırıq”.

Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücumla bağlı bir çox qaranlıq məqamlar var: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.