Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşxan Verdyan: “Qarabağdakı terrorçuları məcbur etmək lazımdır ki, təslim olsunlar”

“Mənə elə gəlir ki, Qarabağda özlərini hakimiyyətdə hesab edən terrorçular asanlıqla təslim olmayacaqlar. Yəni onlar öz xoşları ilə, “postlarını” tərk etməyəcəklər”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağdakı separatçılara son çağırışını şərh edərkən erməni fəal, sülhməramlı təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan deyib.

Verdyan hesab edir ki, separatçılar yenə də Azərbaycanı təxribata çəkərək, özlərini dünyaya “mələk” kimi göstərməyə çalışırlar.

“Mənim fikrimcə, onlar daha da çalışacaqlar ki, Azərbaycanı hansısa bir münaqişənin içinə soxsunlar. Bu, elə onların bugünkü çıxışlarında da görünürdü. Burada təxribat xarakteri var idi.

Onlar hələ də inanırlar ki, nəyəsə nail olacaqlar, yəni onlara qarşı hansısa bir silahlı güc tətbiq olunacaq, kimsə həmin toqquşma zamanı dünyasını dəyişəcək və onlar bununla da nə isə əldə etmiş olacaqlar.

Hansısa mülki vətəndaş dünyasını dəyişərsə, bu zaman onlar bunu Azərbaycana qarşı istifadə edəcəklər. Guya ki, Azərbaycan soyqırımı törədir. Yenə də deyirəm ki, hakimiyyətdə olanların öz xoşu ilə hakimiyyəti qoyub gedəcəyi bir az gözlənilən məsələ deyil, yəni bu məsələlərin həlli Azərbaycan hakimiyyətindən asılıdır.

Sonrası haqqında isə indidən nəsə demək mümkün deyil. Bir şeyi başa düşmək lazımdır ki, bu insanlar öz xoşları ilə gedən deyillər. Onları məcbur etmək lazımdır ki, təslim olsunlar”, - deyə İ.Verdyan qeyd edib.