Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

İsveç NATO-ya girmək istəmirmi? 

 Seymur Həzi

İsveçdə Türkiyə və islam dini əleyhinə təşkil olunan aksiyalar ilk nəticələrini verməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir açıqlamasında baş verənləri qəzəblə qarşılayıb və İsveçə xitabən bildirib ki, NATO-ya üzvlük məsələsində Türkiyədən hər hansı xeyirxahlıq gözləməsinlər. Belə bir açıqlama, əlbəttə, gözlənilən idi. Elə isə aksiyanı “təşkil etməkdə”, ona “imkan yaratmaq”da məqsəd nə idi?

İslama qarşı Türkiyənin üzünə

Baş verən aksiyanın maraqlı məqamı odur ki, rəsmi islam dövlətlərinin və ya ərəb ölkələrinin deyil, Türkiyənin səfirliyi hədəf seçilib. Niyə? Analitik məntiq bizə deyir ki, məqsəd məhz İsveçin NATO-ya üzvlük məsələsində Türkiyədən neqativ rəy və reaksiya almaqdır. Amma bunu kim niyə istəyir? İki mühüm versiyanın üzərində düşünmək pis olmazdı.

İsveç dövləti və cəmiyyəti özü NATO-ya üzv olmaq istəmir. Üzvlük müzakirələrini bir qədər də uzatmaqla, davam etməkdə olan Rusiya-Ukrayna müharibəsinin sonunu gözləmək istəyir. İsveçin uzun zamandır AB və NATO-dan uzaq durmaq siyasəti onun milli strategiyasıdır və Kremlin birdən-birə bölgədə agressora çevrilməsi ABŞ-ın təhlükəsizlik siyasətindən kənarda qalmağı müdafiə edən arqumentlərini zəiflədir. Buna görə də müharibənin sonunu və ABŞ-ın bölgədəki nüfuzunun sabitləşməsini gözləmək istəyirlər. Elə buna görə də “bu aksiya ya təşkil edilib, ya da təşkil edənlərə imkan yaradılıb” qənaətindən kənara çıxmaq çətinləşir. Əlbəttə, İsveç hökuməti belə bir aksiyanın hansı nəticələr verəcəyini bilir və bunun qarşısını almaq maraqları olsaydı, mütləq lazım olan addım atılardı.

Rusiya İsveç cəmiyyətinin və hökumətinin NATO-ya üzvlük məsələsindəki tərəddüdlərini bilir və bu fürsətdən yaxşı yararlandı. Moskva burada müxtəlif məqsədlər güdür. İlk növbədə NATO-nun genişlənməsinə mane olur. Daha sonra onsuz da gərginləşməkdə olan NATO- Türkiyə münasibətlərinin daha da qızışmasından faydalanaraq, Türkiyəni NATO-dan bir addım daha kənarlaşdırır və qarşı cəbhəni zəiflədir.

Türkiyə reaksiyasında haqsızdırmı?

Əlbəttə, ritorikanın tonu barədə mübahisə açmaq olar, amma hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu məsələdə Türkiyə fərqli reaksiya verə bilməzdi. Üstəlik, seçkiyə bir iki ay qalmış... Açıq bilmək lazımdır ki, Türkiyə seçicisinin böyük əksəriyyətinin dini həssaslığı var və hakimiyyətdə olan da, hakimiyyətə gəlmək istəyən də bunu nəzərə almaq məcburiyyətindədir.

Ankara daha nə edə bilər?

Baş verənlərin bir provakasiya olduğu təkcə bizim fikrimiz deyil. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto YLE-yə müsahibə verib. O, deyib ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası gecikdiriləcəyi təqdirdə, Finlandiya NATO-ya üzvlük müraciətini İsveç olmadan davam etdirməyi nəzərdən keçirə bilər. Bu, son dərəcə maraqlı açıqlama olmaqla bərabər, həm də Türkiyə üçün obyektiv olduğunu göstərmək üçün bir fürsətdir. Rəsmi Ankara Finlandiyanın NATO-ya üzv olması üçün müsbət rəyini bir an öncə xüsusi bəyanatla açıqlamalıdır. Bununla da Rusiyanın NATO-nun genişlənməsinin əleyhinə qurduğu planlara qarşı olduğunu ortaya qoymuş olacaq. Üstəlik, Finlandiya Silahlı Qüvvələri və iqtisadi potensiyalı etibarı ilə də son dərəcə önəmli ölkədir. Buna əsas verən başqa amil isə finlandiyalı nazirin İsveçdəki etirazları da qınayaraq, bunun NATO-ya üzvlük üçün əngəl yaratdığını deməsidir. “Bu etirazçılar Finlandiya və İsveçin təhlükəsizliyi ilə oynayırlar. Etirazçıların məqsədi Türkiyəni təhrik etmək, vətəndaşların və siyasətçilərin fikirlərinə təsir etməkdir”.