İsraildən ABŞ-yə İrandakı raket təlimləri ilə bağlı xəbərdarlıq
23 Dekabr 2025
İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) raket təlimləri real zərbəyə hazırlığı pərdələyə bilər. İsrail hərbi kəşfiyyatının ABŞ prezident administrasiyasına belə bir xəbərdarlıq etdiyi bildirilir. Xəbəri "Axios" İsrail və ABŞ mənbələrinə istinadla yayıb.
Mənbələrə görə, dekabrın 20-də İsrail müdafiə ordusunun baş qərargah rəisi Eyal Zamir durumu telefonla ABŞ Mərkəzi Komandanlığının admiralı Bred Kuperlə müzakirə edib. Dekabrın 21-də Təl-Əvivdə görüşdə isə Zamir deyib ki, İranda raket komplekslərinin yerinin dəyişdirilməsi hücuma hazırlığı göstərə bilər. O, müttəfiqlər arasında müdafiə hərəkətlərinin sıx koordinasiyasına çağırıb.
İsrail mənbələrindən biri İranın zərbə ehtimalını "50 faizdən də az" dəyərləndirib. 2023-cü ilin oktyabrında ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşmasının hücumundan sonra İsrail oxşar təhdidləri daha ciddi qəbul edir. "Axios" yazır ki, ABŞ kəşfiyyatı hələlik İranın hərbi əməliyyatlara başlaya biləcəyinin əlamətlərini görmür.
"Axios"un bilgisinə görə, tərəflərin "səhv" qiymətləndirməsi İran-İsrail münaqişəsində yeni gərginləşməyə səbəb ola bilər. Mənbələrin fikrincə, hər iki ölkə digərinin hücuma hazırlaşdığını düşünə, qabaqlayıcı zərbə endirməyə cəhd göstərə bilər.