Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İsrail xalqı Türkiyəni sevir" - Çavuşoğlu və Lapiddən isti açıqlamalar

"Fərqliliklərimizə baxmayaraq Türkiyə-İsrail dialoqunun davam etdirilməsi çox faydalı olacaq. Bu həm də bölgədə sülhün mövcudluğu baxımından da müsbət rol oynayacaq".

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə 15 il sonra etdiyi səfər zaman mətbuat konfransında deyib.

O qeyd edib ki, daimi sülhün bərqərar olması üçün BMT prinsipləri əsasında iki dövlətin (İsrail və Fələstin) yaradılması problemin yeganə həlli yoludur.

Bundan əlavə, Çavuşoğlu siyasi problemlərə baxmayaraq, İsraillə iqtisadi əlaqələrin çox sıx şəkildə inkişaf etdiyini, ötən il isə iki ölkə arasında ticarət dövriyyəsinin 8 milyard dolları ötdüyünü vurğulayıb.

İsrail xarici işlər naziri Yair Lapid isə Yerusəlimdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında Türkiyə və İsrail mülki aviasiya sahəsində yeni saziş üzərində işlədiklərini qeyd edib.

Nazir qeyd edib ki, bundan başqa tərəflər Türkiyə-İsrail Birgə İqtisadi Komissiyanın işini də bərpa etməyə razılaşıb.

O, əlavə edib ki, Türkiyə və İsrail regional güclərdir. Bu iki ölkənin qədim tarixi əlaqələri var:

“Türkiyə ilk islam ölkəsidir ki, 1949-cu ildə İsrail müstəqil dövlət kimi tanıyıb. İki ölkə arasında müxtəlif illərdə siyasi əlaqələrdə müəyyən dönüşlər olub. Son 15 ildə ilk dəfədir ki, Türkiyə xarici işlər naziri İsrailə səfər edir. Biz inanırıq ki, bu səfər siyasi, diplomatik əlaqələrimizdə, eyni zamanda, iqtisadi əlaqələrimizdə inkişafa səbəb olacaq, biznes əlaqələri, xalqlarımız arasında münasibətlər daha da yaxınlaşacaq".

Nazirin sözlərinə görə, diplomatik əlaqələrimizdə çətinliklər olsa da, iqtisadi əlaqələr həmişə davamlı şəkildə irəliləyib və yaxşı səviyyəyə çatıb:

"Lakin yaxşı işləyərək biz iqtisadi sahədə əməkdaşlığımızı daha da artıra bilərik. Bu gün görüşdə qərara aldıq ki, yenidən iki ölkə arasında birgə iqtisadi komissiyanın fəaliyyətini bərpa edək və həmçinin, yeni mülki aviasiya sazişi üzərində işləməyə başlayaq.
İsrail xalqı Türkiyəni sevir. Hər gün İsraildən Türkiyəyə 10 uçuş olur və minlərlə İsrail vətəndaşı Türkiyəyə səfər edir, onlar Türkiyə mədəniyyətini, musiqisini, turizmini sevir”.