Logo
news content
User
Kateqoriyalar

Xəbər

İraqın işğalı dünyanın ən zəngin mədəniyyətlərdən birini necə məhv etdi?


İraq paytaxtı Bağdaddan axan Dəclə çayı bir çox sirləri saxlayır. Onun sularına atılan cəsədlərin sayını heç kim bilmir.





ABŞ-ın rəhbərliyilə İraqa qarşı həyata keçirilən hərbi müdaxilədən 20 il keçsə də, dünyanın ən zəngin sivilizasiyalarından birinin - qədim Babilin, belə bir fəlakətə necə qərq olduğuna inanmaq çətindir.





Bu gün ölkədəki nisbi sabitliyə baxmayaraq, İraq hələ də məzhəblərarası qətllər, partlayışlar, ekstremist sünni və şiə silahlıları arasındakı qarşıdurma ilə əlaqələndirilir.





Bunlardan bəzilərinin kökləri 2000-ci illərin əvvəllərindəki ABŞ-ın müstəsna qüdrəti ilə bağlıdır.




İşğal qərarı




ABŞ 11 sentyabr hücumları zamanı əl-Qaidənin hədəfi oldu. Washington 2001-ci ildə bu qrupun bazaları yerləşən Əfqanıstanı işğal etmək üçün koalisiya yaratdı.





Buradakı “uğur” ABŞ-ın diqqətini İraqa yönəltdi.





İraq Kürdüstanı regional hökumətinin keçmiş rəhbəri Məsud Bərzani deyir ki, o və rəqib kürd siyasətçi 2002-ci ilin aprelində gizli şəkildə Washington-a dəvət olundular.










Bərzani





İraq Kürdüstanı regional hökumətinin keçmiş rəhbəri Məsud Bərzani ABŞ-la əlaqələrinin onilliklər ərzində davam etdiyini deyir



Bərzani Washington-a konfrans keçirməyi təklif edib. Bu konfransda o, İraqın müxalifət liderlərini Səddam Hüseyn devriləndən sonra fəaliyyətə başlamağa hazır olan “keçid hökuməti” yaratmağa dəvət etdi.





Konfrans 2002-ci ilin dekabrında Londonda keçirildi və federal, demokratik İraq haqqında razılıq əldə olundu. Lakin Bərzani deyir ki, bəzi şiə partiyalarının “intiqam arzusunun” şahidi olanda onda ehtiyat yarandı.





Səddam Hüseyn dövründə İraqda şiə əhalisi zorakılığa məruz qalırdı.





ABŞ və Britaniya İraqda izi tapılmayan “kütləvi qırğın silahları” iddiası ilə müharibə hazırlığına başladılar.





Hərbi əməliyyat 2003-cü il martın 19-da Bağdadın havadan bombalanması ilə başladı.





Səddamın süqutu




Üç həftə sonra, aprelin 9-da Səddam Hüseyn Bağdadın sünni məhəlləsi olan Əzamiyaya baş çəkdi.





Amerika qüvvələri şəhərə daxil olmuşdu və Səddamın heykəlini yıxmağa cəmi bir neçə saat qalırdı.





İraqlı jurnalist Diyar əl-Öməri həmin vaxt Bağdadda idi. O deyir ki, meydana toplaşan iraqlılar heykəli sökə bilmirdilər.





Buna görə Amerika hərbçiləri zirehli maşından istifadə etmək qərarına gəldilər.










Səddam Hüseynin heykəli





Səddam Hüseyn devrildikdən sonra İraq xalqını birləşdirən əlaqələr pozulmağa başladı



Lakin heykəlin ayaqları və alt hissəsi torpağa basdırılmış vəziyyətdə qaldı. Bu, qarşıdan gələn hadisələrin əlaməti idi: Baas rejiminin İraq xalqı ilə onilliklər ərzində qurduğu əlaqələrin kökləri yerində qalır.





ABŞ koalisiyası qərara gəldi ki, Səddam Hüseynin partiyasını siyasətdən və cəmiyyətdən uzaqlaşdırmaqla İraq cəmiyyətini Baasdan azad etmək lazımdır.





Bundan əvvəl İraqda biznes və ya təhsil sahəsində fəaliyyət üçün partiya mənsubiyyəti həyati əhəmiyyət kəsb edirdi. Bu qərar İraq ordusunun, hüquq-mühafizə orqanlarının və mülki qurumlarının tam dağılmasına səbəb oldu.





"Sünni icması bu prosesdə ən çox itirən tərəf idi. O, marginallaşdırıldı və kənar edildi, onun rolu məhdudlaşdırıldı", - İraq sünnilərinin lideri Əli Hatəm Süleyman deyir.





Bu, İraqın keçmiş hərbi və təhlükəsizlik rəsmilərini ekstremist təşkilatlara qoşulmağa sövq edib. Əl-Qaidə yenidən ayağa qalxmaq və illərdir davam edən üsyana başlamaq fürsəti tapdı.





Səddam Hüseyn 2003-cü ilin dekabrında Amerika qüvvələri tərəfindən yaxalandı və bundan üç il sonra o, insanlıq əleyhinə cinayətlərə görə ölüm cəzasına məhkum edildi.










Səddam Hüseyn





Səddam Hüseynin edamı nəticəsində yaranan boşluq bütün bölgəni sarsıtdı



Onun İslam dininin ən müqəddəs günlərindən olan Qurban bayramı günü edam edilməsi İraqın sünni əyalətlərində, eləcə də bir çox ərəb ölkələrində qəzəb dalğasına səbəb oldu.





İrana yaxın olan siyasətçi kimi tanınan İraqın keçmiş Baş naziri Nuri əl-Malikiyə əsasən, o, əhali arasında gözlənilən narazılığa rəğmən gücünü göstərməkdə qərarlı idi. Onun sözlərincə, bunun üçün çevik hərəkətlər tələb olunurdu.





Keçmiş Baş nazir o vaxtlar Səddam Hüseynin xaricə köçürüləcəyindən və daha sonda azad oluna biləcəyinə görə ehtiyatlandığını xatırlayır.





"“Bəzi Körfəz ölkələri Səddamı xilas etmək istəyirdi və o zaman onu edam etmək üçün tələskənliyin səbəbi də elə bu idi”, - deyən keçmiş Baş nazir bu ölkələrin Amerika hakimiyyətinə də təzyiq göstərdiyini əlavə edir.










Əl-Maliki





Nuri əl-Maliki 2006-2014 illərdə İraqın Baş naziri olub



Edam anlarını əks etdirən videonun internetə sızması ilə vəziyyət daha da mürəkkəbləşdi.





İraqın yüksək rütbəli təhlükəsizlik rəsmisinin iddiasının əksinə olaraq Səddam Hüseyn edam vaxtı titrəmirdi, o, çox sakit görünürdü.





Sünnilərin məyusluğu




Ölənlərin sayı artdıqca, ABŞ sünni qəbilələrini əl-Qaidə ilə mübarizəyə qoşulmağa inandıra bildi və silahlı qrup məğlub oldu. 2011-ci ilə qədər Amerika və Britaniya qüvvələrinin çoxu İraqı tərk etdi.





Ancaq sünni icmasında Baş nazir Malikinin siyasətinə qarşı qəzəb yenidən artmaqda idi.





Gənclər Fəllucanın yaxınlığında oturaq aksiya keçirirdilər. Sünni lideri Əli Hatəm Süleyman onların şikayətlərini belə sıralayır: “Sünnilərə qarşı qisas, ədalətsiz məhkəmələr olurdu, İraq qanunlarının və məhkəmə sisteminin siyasiləşdirilməsi yer alırdı”.





Lakin əl-Maliki ittihamları rədd edərək aksiyaların arxasında Əl-Qaidənin dayandığını deyir. Onun sözlərinə görə, bu təşkilat geri dönmək üçün fürsət axtarırdı.





2013-cü ilin sonunda Baş nazir orduya meydanlardakı etirazları yatırmaq əmrini verdi. Bu, İraqın daxilində və ölkə xaricində qeyri-sabitliyi artırdı.










Molsudakı məscid





Mosulda yerləşən İŞİD-ə qarşı şiddətli hücumlar həyata keçirilirdi



Bundan sonra əl-Qaidə geri döndü, o, daha güclü və daha amansız idi. İraqın bəzi şəhərləri İslam Dövləti adlandırılan (İŞİD) qruplaşmanın əlinə keçdi, İraq ordusu isə sanki bir gecə ərzində yoxa çıxdı.





Məsud Bərzani deyir ki, "10 ildə qurulan ordu 10 saat içində buxarlandı".





Keçmiş Baş nazir Maliki bütün hərbi diviziya komandirlərinin İŞİD-in irəliləməsindən bir neçə saat əvvəl necə geri çəkilməsindən çaş-baş qaldığını deyir.





Malikini vəzifədə əvəzləyən Heydər əl-Əbədi bu mövzu ilə bağlı daha birmənalı danışır.





"Bu, məzhəb döyüşünə çevrildi və belə böyük problem oldu", - sabiq Baş nazir deyir. “İŞİD məzhəbə əsaslanırdı, amma dövlət sistemi də məzhəbləşə əsaslandı”.





Əl-Əbədi Malikinin siyasətini məzhəbçilik kimi təsvir etməkdən imtina edir. Bəzi sünni şəhərlərinin İŞİD-i niyə alqışladıqlarına dair öz izahatı var:





"Təhlükəsizlik sistemi pozulmuşdu, iraqlıları şantaj edirdilər. İraq vətəndaşı sistemə inamını itirmişdi və özünü qorumaq üçün əməkdaşlığa hazır idi".










Əl uşaqlı qadın





Zəngin neft və qaz ehtiyatlarına rəğmən, İraq yoxsulluqdan əziyyət çəkən ölkədir



İraqın təhlükəsizlik addımları nəticəsində İŞİD dörd il ərzində məğlub edildi. Lakin müharibə sünni əyalətlərində dərin izlər buraxdı.





Ən mühüm sünni şəhəri Mosulda bunu aydın görmək olar.





Mosulun ən qədim məscidlərindən birinin şeyxi əzablı səslə deyir ki, saatı geri çevirib Səddam Hüseynin hakimiyyət başına qayıtmasını görmək istərdi.





"Bizim bu ölkədə baş verənlərlə bağlı sözümüz keçmir. Amerika İraqı azad etdiyini deyir, ancaq o, bu ölkəni İrana bir nimçədə təqdim etdi", - adının gizli qalmasını istəyən şeyx deyir.





Ancaq dolanışıq məsələsinə gəldikdə, bu müzakirələr sırf nəzəri səciyyə daşıyır.





İraq əhalisi gənc və issızdır. Təsəvvür edin ki, zəngin sərvətlərə sahib ölkə onları ədalətli şəkildə bölüşdürə bilsəydi o, daha nələrə nail ola bilərdi.