Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda vəziyyət pisləşir - Etiraz aksiyaları onlarla şəhərə yayılıb

İranda hökumət qulluğunda çalışmış pensiyaçıların etirazları daha onlarla şəhərə yayılıb.

Onlar ölkədə kəskin bahalaşmaya etiraz edir və pensiyaların artırılmasını istəyirlər.

Məşhəd, Şüstər, Elam, Yəzd, Qəzvin, Kərəc, Bəndər Abbas, Kirmanşah, Abadan və İsfahan da daxil 16 şəhərdən alınmış şahid məlumatlarında etirazların genişləndiyi bildirilir.

Xəbər verilir ki, İsfahanda pensiyaçılar Sosial Təminat İdarəsinin binası qarşısında boş süfrə açmış, rəmzi olaraq “süfrələrinin boş olduğunu” göstərmək istəyiblər.

Etirazçılar habelə əmək nazirinə qarşı şüarlar səsləndirib, onu “səriştəsizlik naziri” adlandırıblar.

Xəbərdə o da deyilir ki, İsfahanda polis etirazçıların “Rəisiyə ölüm!” kimi şüarları səsləndirməsinin qarşısını almağa çalışıblar.

İllərdir ABŞ sanksiyaları altında olan İranda, pandemiyadan sonra iqtisadi vəziyyət daha da pisləşib.

İranda işsizlərin sayı 2 milyon nəfəri keçib, inflyasiya 45 faizdən yuxarı qalxıb.

Son aylarda İranda ən müxtəlif səbəblərlə bağlı etiraz aksiyalarlı keçirilir.

Adamlar havanın çirklənməsindən, içməli su qıtlığından, bahalaşmadan narazılıq edirlər.

Bugünlərdə isə Abadanda yaşayış binasının çökməsi və çox sayda insanın həlak olması geniş etiraz dalğası yaradıb.

Adamlar binanın uçmasına səbəbin keyfiyyətis tikinti və deməli korrupsiyanın olduğunu deyirlər.

Sosial gərginliyin artmasının qarşısını almaq üçün Əmək Nazirlıiyi iyunun 5-də pensiyaların 55 faiz artırılacağını elan edib.

Bu, pensiyaları ayda 55.8 milyon riala (177 dollar) çatdıracaq.

Lakin etirazçılar bu artımın bahalıqla müqayisədə yetərli olmadığını deyirlər. (Azadlıq Radiosu)