İranda Nobel Sülh Mükafatı laureatı "İsrail ilə əməkdaşlıq"da ittiham olunur
16 Dekabr 2025
İranda Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi və daha 38 nəfər dekabrın 12-də saxlanılıb. Onlar iranlı hüquqşünas və insan haqları müdafiəçisi Xosrov Alikürdünün anım mərasiminə yığışmışdılar.
"Radio Fərda" saxlanılanlar arasında hüquq müdafiəçiləri və fəalların olduğunu, hamısının həbsə göndərildiyini xəbər verir. Prokurorluq onların kütləni ictimai asayişin pozulmasına təhrik edən "təxribatçı bəyanatlar" səsləndirdiyini iddia edib.
N.Məhəmmədinin fondunun saytı bildirir ki, o, dekabrın 14-də ailəsinə zəng edə bilib. Dediyinə görə, saxlanılarkən mülkigeyimli şəxslər onu dəyənəklə baş və boyun nahiyəsindən vurublar, sonradan iki dəfə təcili tibbi yardım şöbəsinə aparılıb. Məhəmmədi deyib ki, saxlanılandan sonra onu İsrail hökuməti ilə əməkdaşlıqda suçlayıblar.
N.Məhəmmədi İranda ölüm cəzasına, qadınların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına qarşı çıxır. 2023-cü ildə "İranda qadınların əsarətdə saxlanmasına qarşı mübarizəyə, insan hüquqları və hamıya azadlıq uğrunda fəaliyyətinə görə" Nobel Sülh Mükafatı alıb. 2022-ci ildə həbsdən İrandakı etirazlara dəstək verib. Etirazlar "hicabın düzgün taxılmaması" ittihamı ilə saxlanan Məhsa Amininin ölümündən sonra başlamışdı.
2024-cü ilin yanvarında İran məhkəməsi həbsdə olan N.Məhəmmədini İrana qarşı yönəlmiş təbliğat işi üzrə 15 ay azadlıqdan məhrum edib. Bundan əvvəl də o, bir neçə dəfə mühakimə olunub. 2016-cı ildə dövlətə qarşı təbliğat və milli təhlükəsizliyə təhdid ittihamları ilə 16 il, 2022-ci ildə dövlətə qarşı təbliğat, Səudiyyə Ərəbistanı xeyrinə casusluq ittihamları ilə 8 il, 2023-cü ilin avqustunda isə müsahibələrinə və BMT-yə müraciətlərinə görə əlavə 1 il həbs cəzası alıb.
2024-cü ilin sonlarında əməliyyatdan sonra üçhəftəlik azadlığa buraxılıb. Prokurorluq məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən hökmün icrasını dayandırıb və daha sonra bu qərarı uzadıb.