İranda internet blokadasının işsiz qoyduğu qadınlar. "Kirayəsini ödəyə bilməyənlər var"
14 May 2026
Mənbə: Azadlıq Radiosu
Son aylarda İranda internetin kəsilməsi ölkə tarixində ən uzun sürən blokada sayılır. İqtisadiyyata ağır zərbə vuran bu qadağaların əsas yükünü isə qadınlar daşıyır.
Tehranda yaşayan yoqa müəllimi “Radio Fərda”ya deyib ki, internet məhdudiyyətləri onun onlayn dərslərini dayandırıb, yeganə gəlir mənbəyini əlindən alıb.
"Yeni-yeni ayaq üstə durmağı öyrənirdim, indi etibarlı VPN almağa imkanım çatmır. Çox bahadır, doğru- düzgün işləmir", – AzadlıqRadiosu İranda qadağan olduğundan gənc qadının adı təhlükəsizlik səbəbindən açıqlanmır.
"Valideynlərimlə yaşadığıma görə şanslıyam. Amma kirayəsini ödəyə bilməyən həmkarlarım var. Müharibə və internetin kəsilməsi ilə bir çox insan üçün həyat dayanıb", – deyən qadın rəqəmsal blokadanı "işgəncə" adlandırıb.
"İnternet aparteidi"
İranda son internet blokadası fevralın 28-də, ABŞ və İsrailin ölkəyə hücumları başlayanda tətbiq edilib. Aprelin 8-dən Vaşinqton və Tehran arasında kövrək atəşkəs qüvvədədir, ancaq internetə çıxış hələ də tam bərpa olunmayıb. Vətəndaşlar iki aydan çoxdur rəqəmsal qaranlıqdadır; yalnız bahalı VPN ala bilənlər və ya dövlətin xüsusi icazəsini əldə edənlərin internet olur.
"Müasir İranda Media və Hakimiyyət" kitabının müəllifi, media tədqiqatçısı Emili Blout “Radio Fərda”ya danışır ki, cəmi altı ay əvvəl milyonlarla iranlı qadın internetlə bizneslər qurmuşdu.
“Yanvarın 8-9-da (ölkədə kütləvi etirazlara qarşı) qanlı repressiyalar, ABŞ ilə müharibə, yeni internet aparteidi rejimi vaxtilə çiçəklənən həmin ekosistemə ağır zərbə vurub. Bir zamanlar bir çox biznes üçün həyati əhəmiyyətli internetə indi yalnız elit təbəqənin əli çatır", – o söyləyir.
Əmək nazirinin müavini Qolamhüseyn Məhəmmədi apreldə bildirib ki, hökumətin hesablamalarına görə, müharibə nəticəsində 1 milyon iş yeri itirilib, 2 milyon insan isə birbaşa və ya dolayı yolla işsiz qalıb.
Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Bəhruz Azər də internet kəsintilərinin qadınların "qeyri-rəsmi işlərini" xeyli məhdudlaşdırdığını vurğulayıb. Onun sözlərinə görə, əvvəlki 40 gün ərzində daxil olan işsizlik sığortası müraciətlərinin təxminən üçdə biri qadınlardan gəlib.
Rəsmilər İranda qadınların əmək bazarında iştirak səviyyəsinin 18 faiz olduğunu deyirlər. Amma bir çox qadın kiçik onlayn bizneslər qurmuşdu. Onların böyük hissəsi indi gəlirini itirib. Onlayn müəllimlər, psixoloqlar və fitnes təlimatçılarına da ciddi ziyan dəyib. Nəşriyyat və tərcümə kimi internetdən asılı sahələrdə çalışan qadınlar isə kütləvi ixtisarlarla üzləşiblər.
"Bu sahələrdə çoxlu qadın çalışırdı. İşlər çox həssas olduğundan bir çoxu işsiz qaldı", – Tehrandan kitab redaktoru qadın “Radio Fərda”ya bildirib. Təhlükəsizliyə görə adı açıqlanmayan redaktorun özü həm reklam şirkətində, həm nəşriyyatda çalışırmış. Hər iki qurum əməkdaşlarının 80 faizini, əksəriyyəti qadın olmaqla ixtisar edib. Reklam şirkəti onu tamamilə işdən çıxarıb, nəşriyyat isə maaşını yarıya endirib.
"Paralel əmək bazarı"
“Radio Fərda”dan Golnaz İsfəndiyari və Hanna Kaviani yazırlar ki, zərbə yalnız şəhərdə orta təbəqəyə dəyməyib. İranın şimal-qərbindəki Mərənd yaxınlığında kənddə yaşayan Leyla ailəsini "Instagram" vasitəsilə satdığı ev yeməkləri ilə dolandırırdı. Son beş ildə onlayn sadiq müştəri bazası formalaşdırmışdı, özünü, həyat yoldaşını və 8 yaşlı uşağını təmin edirdi.
Leyla "Atiye Online" saytına danışıb ki, bazarının böyük hissəsini itirib, satışları isə demək olar ki, sıfıra düşüb: "Müştərilərimin çoxu səhifəmi əvvəlki alıcıların tövsiyəsi ilə tapırdı. İnternet blokadaları bu əlaqələri məhv etdi. İndi heç olmasa, bir az satış edə bilim deyə VPN-lərə 5 milyon tümən (təxminən 40 dollar) xərcləməli oluram".
İtaliyanın Turin şəhərində yaşayan tədqiqatçı Əzəm Bəhrami “Radio Fərda”ya bildirib ki, internet xüsusilə kiçik şəhər və kəndlərdə yaşayan qadınlar üçün həyat arteriyası idi: "İnternet qadınlar üçün paralel əmək bazarı yaratmışdı, onlara məlumat əldə etmək, evdən işləmək, eyni zamanda övladlarına və yaşlılara baxmaq imkanı verirdi".
Sosioloq Simin Kazemi ixtisarların qadınlara qeyri-mütənasib təsirini dərin gender stereotipləri ilə izah edib.
"Qadınların məşğulluğunu kişilərinki qədər vacib saymırlar deyə ixtisarlar zamanı əsas qurban qadınlar olur. Kollektiv düşüncə qadınları hələ də ailənin əsas gəlir gətirəni kimi qəbul etmir", – o, ILNA agentliyinə müsahibəsində bildirib. Kazemi onu da qeyd edib ki, İrandakı ailələrin 22,5 faizinə qadınlar rəhbərlik edir və həmin ailələr ölkənin ən həssas təbəqələri arasındadır.
"Qadın işsizliyi böyük sosial problem kimi qəbul edilmir, normal hal kimi qarşılanır. Səbəb isə qadın məşğulluğunun özünün vacib sayılmamasıdır", – o əlavə edir.
Kazemi xəbərdarlıq edib ki, xüsusilə ailə başçısı olan qadınlar arasında işsizliyin artması əhalinin böyük hissəsini ifrat yoxsulluğa sürükləyə bilər.