İranda edam qərarları: İttiham olunanlara müdafiə üçün 15 dəqiqə verilir
16 Yanvar 2023
Yanvarın 7-də edam edilən 22 yaşlı Muhammədin hekayəsi və məhkəmə prosesi İranda məhkəmə hökmlərinin və edam cəzalarının etiraz aksiyalarına qarşı necə istifadə edildiyini də bariz şəkildə göstərir.
İranda Məhsa Amininin əxlaq polisi tərəfindən saxlanıldığı zaman təcridxanada ölməsindən sonra başlayan etirazlara qatılanlar edam cəzası ilə üz-üzədir.
İran İnsan Haqları Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, indiyədək 22 nəfər nümayişlərlə əlaqəli olduğu üçün edam cəzasına layiq görülüb, 4 nəfərin cəzası isə ləğv olunub.
Etirazçılar arasında sonuncu dəfə yanvarın 7-də 22 yaşlı Muhamməd Mehdi Karami edam edilib.
BBC Farsca xidmətinin əldə etdiyi məlumata əsasən, Muhammədə özünü müdafiə etməsi üçün 15 dəqiqədən də az vaxt verilib.
Saxlanıldıqdan 65 gün sonra edam edilən Muhamməd barəsində bu hökmün verilməsi etirazların qarşısını almaq məqsədi ilə İran hakimiyyətinin məhkəmələrdən necə sui-istifadə etdiyini ortaya qoyur.
Etirazlarla əlaqəsi olmayan sonuncu edam cəzasına isə İngiltərə üçün casusluq etməkdə günahlandırılan müdafiə nazirinin keçmiş köməkçisi Ali Rıza Akbari məhkum edilib. Onun edam olunması beynəlxalq ictimaiyyətin ciddi reaksiyası ilə üzləşdi və bir çox ölkə bunu qınadı.
“Casusluq” ittihamı və etiraz aksiyaları arasında bir əlaqə olmasa da, Akbari barəsində təcridxanada saxlanma hökmünün verilməsi və işgəncə verilərək “günahını etiraf etməsi” digər etirazçıların təcridxanada yaşadıqlarına bənzəyir.
“Anama heç nə demə”
Edam edilən 22 yaşlı Muhamməd Mehdi Tehran yaxınılığındakı Kərəc şəhərində yerləşən yarımhərbi Besiç qüvvələrinin üzvü olan bir nəfəri öldürməsi ittihamı ilə ələ keçirilib.
Muhamməd bu məsələ ilə bağlı günahkar bilinən 16 nəfərdən biri idi. Bütün şübhəli şəxslər barəsində 3 gün ərzində Kərəcdəki məhkəmə tərəfindən hökm oxundu.
İranda mühakimə edilənlər məhkəmədə bir vəkillə təmin edilir, ancaq bu kimi günahlandırmalarda və casusluq ittihamlarında vəkillə təminat “müstəqil” şəkildə həyata keçirilmir. Məhkəmə ədliyyə qurumlarının təsdiqlədiyi siyahıdan bir vəkili prosesə qoşur.
Jurnalistlərin və ittiham edilən şəxslərin ailələrinə məhkəməni izləməyə icazə verilmir. Məhkəmədə nə baş verdiyinə dair görüntülər yalnız cavabdeh şəxslər tərəfindən montaj edilərək yayılan bir videodan ibarət olur.
Muhamməd Mehdinin məhkəməsi ilə bağlı yayılan videoda o, həyəcanlı görünür və hüquq mühafizə orqanı əməkdaşının başını daşla vurduğunu etiraf edir.
Məhkəmənin prosesə qoşduğu vəkil bununla bağlı heç bir etiraz etmədən hakimin Muhammədi “əfv etməsini” istəyir. Muhamməd isə “aldadıldığını” deyib yerində əyləşir.
Bundan sonra isə ölüm cəzasına məhkum edilir.
Ailə üzvləri səssiz qalmaları üçün təzyiqlərə məruz qalır. Ancaq Muhammədin küçələrdə salfet satan atası Maşaallah Karami baş verənləri İran qəzeti Etemad-a danışıb.
Atası oğlu Muhammədin edam cəzasına məhkum edildiyi gün gözyaşı içində ona zəng etdiyini bildirdi. Muhamməd telefonda bunları deyib:
“Ata, hökmümüzü verdilər. Mənim cəzam edam. Anama heç nə demə”.
Atası Muhammədin günahsız olduğuna inandığını bildirib.
Bundan sonra sosial mediada “1500 təsvir” (1500 şəkil) adlı anonim hesabdan Muhamməd Mehdinin işgəncəyə məruz qaldığına dair məlumatlar paylaşıldı.
Anonim sosial media hesabında paylaşılan iddiaya görə, Muhamməd ailə üzvləri ilə danışdığı zaman nəzarətçilər tərəfindən döyüldüyünü və huşunu itirdiyini deyib.
Muhammədin öldüyünü hesab edən nəzarətçilər onu uzaq bir əraziyə aparıb atıblar, daha sonra isə Muhammədin hələ ölmədiyini görüblər.
Muhamməd həbsxana nəzarətçilərinin onu təcavüzlə təhdid etdiyini açıqlayıb.
Məhkəmə müddəti necə olur?
İranda məhkəmələrdən birinin verdiyi edam cəzası Ali Məhkəməyə göndərilir. Yuxarı instansiya məhkəməsi qərarı təsdiqləsə belə, bu qərara etiraz etmək mümkündür.
Muhammədin atası açıqlamasında bir neçə dəfə dövlətin verdiyi vəkili tapmağa çalışsa da, buna nail olmadığını bildirib.
Ailə daha sonra İranda tanınan insan haqları üzrə vəkil Muhamməd Hüseyn Aghasi ilə əlaqə qurub.
“Muhamməd həbsxanada olarkən mənə 3 dəfə zəng etdi və onu müdafiə etməyimi istədi. Ailəsi də eyni müraciəti edib”, - insan haqları müdafiəçisi Aghasi deyib.
Onun sözlərinə görə, yerli məhkəməyə və daha sonra yuxarı instansiya məhkəməsinə müraciət etsə də, heç bir cəhdi qəbul olunmayıb.
İranın hökumət nümayəndələri bu cür məhkəmə proseslərinin etirazçıları “fikirlərindən daşındırmağa” xidmət etdiyini dəfələrlə dilə gətiriblər.
Müdafiəsiz qalan “şübhəlilər”
Kərəcdə edam edilən Muhamməd Hüseyni də eyni məhkəmə prosesindən keçib.
Ailə üzvləri sağ olmadığı üçün sosial media kampaniyalarında “Hamımız Muhammədin ailəsiyik” şüarı istifadə edilib.
BBC Farsca xidməti şübhəlinin bipolyar pozuntu xəstəliyindən əziyyət çəkdiyini öyrənib.
Muhamməd Hüseyni müstəqil vəkil tərəfindən müdafiə edilməyə nail olub.
Vəkili Ali Şərifzadə Ardakani onunla həbsxanada görüşüb və daha sonra Tweeter hesabında bu fikirləri paylaşıb:
“Ona baş çəkdiyim müddətdə ağladı. Ona verilən işgəncədən bəhs etdi, əlləri bağlı şəkildə döyüldüyünü, gözlərinin bağlandığını, başına təpik zərbəsi vurulduğunu və şüurunu itirdiyini bildirdi”.
Vəkil Muhamməd Hüseyninin “irəli sürülən ittihamları işgəncə altında etiraf etdiyini və bu qərarın hüquqi əsasının olmadığını” qeyd edib.
Ali Məhkəməyə etiraz edən vəkil məhkəməyə yanvarın 7-də çağırılıb.
Ancaq yola çıxdığı zaman Muhamməd Hüseyninin asılaraq edam edildiyini öyrənib.
Daha sonra vəkil də saxlanılıb, lakin məhkəməyədək sərbəst buraxılıb.
İnsan haqları təşkilatları “işgəncə ilə alınan etiraflara” və məhkəmə proseslərini tənqid edir.
BBC Farsca dövlət tərəfindən təyin edilən vəkillərin çoxunun “müstəntiq” kimi davrandığını və bir çox hallarda şübhəliləri müdafiə etmədiyinə dair məlumatlar alıb.