Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Milli Bankı Bakıdakı əmlaklarını satışa çıxarıb - QİYMƏTLƏR

İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.

Söhbət müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri-yaşayış sahələrindən gedir.

Ümumilikdə satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən “Babək Plaza”da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.

Bankın satışa çıxardığı mənzillər Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binalarda yerləşir. Bunlar sahəsi 105 kvadratmetr olan 3 otaqlı və sahəsi 164-172 kvadratmetr olan 2 ədəd 4 otaqlı mənzillərdir. Mənzillər 18 mərtəbəli binanın 3-4-cü mərtəbələrində yerləşir.

İran bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb.

İran bankının satışa çıxardığı qeyri-yaşayış sahələri daha maraqlıdır. Belə ki, bank ümumilikdə 6 obyekti satışa çıxarıb.

Bunlardan biri Bakının Nizami rayonunda Naxçıvanski küçəsində yerləşən 48 kvadratmetrlik obyektdir, onun qiyməti razılaşma yolu ilə olacaq.

Ən böyük obyekt isə Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binalarda yerləşir, sahəsi 560 kvadratmetrdir.

Obyektin qiyməti 1 kvadratmetr üçün birdəfəlik ödənişdə 5 min manat, hissəli ödənişdə 5,5 min manatdır, bank mənzillərdə olduğu kimi, bu obyektin satışı üçün də kredit ayırmağa hazırdır.

İran Milli Bankının Bakıda satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində “Babək Plaza”da (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanı) yerləşən ofis sahələridir.

Ofislər “Babək Plaza”da C blokunda, 3,4,6,7-ci mərtəbələrdə yerləşir və sahələri 185-251 kvadratmetr arasında dəyişir.

İran bankı “Babək Plaza”dakı ofislərin 1 kvadratmetrini birdəfəlik ödənişdə 2100 manata, hissəli ödənişlə isə 2400 manata təklif edir. (Fed.az)