Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran İsrailə cavab verə bilərmi?

Təhlilçilər deyirlər ki, yanvarın 28-də İrandakı hərbi obyektə İsrailin endirdiyi güman edilən dron hücumu Tehranın qarşısını almaq üçün yeni cəhddir.

BMT-nin Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, İranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış və sonradan Tramp administrasiyasının birtərəfli qaydada çıxdığı nüvə razılaşmasını bərpa etmək cəhdləri nəticə vermədikdə, Tehran bir neçə nüvə silahı düzəltməyə yetəcək qədər zənginləşmiş uran toplayıb.

İran eyni zamanda Rusiya ilə hərbi bağlarını gücləndirib. İranın Rusiya ordusunu, Ukraynada apardığı müharibədə istifadə üçün döyüş dronları ilə təchiz etdiyi bildirilir. ABŞ-ın kəşfiyyat dəyərləndirmələrində deyilir ki, İran Moskvaya güclü kruiz və ballistik raketlər də göndərmiş ola bilər.

Önləmə strategiyasının iki aspekti


Ötən il İranın daxilində bir çox insident baş verib. Onların arasında sabotaj və kiberhücumlar, İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) üzvlərinin, alim və mühəndislərin qətlləri də var. Tehran bu insidentlərin bir qisminə görə İsraili günahlandırıb.

"Ötən ilədək İsrailin önləmə strategiyasının iki əsas aspekti var idi: quru və hava konvoylarını hədəfə almaqla İranın silah və avadanlığının Suriya və Livana transferinin qarşısını almaq və İranın nüvə alimləri və müəssisələrini hədəfləməklə onun nüvə proqramını pozmaq”, – Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun qonaq təqaüdçüsü Həmidreza Əzizi deyir.

Tehran həm Suriya Prezidenti Bəşər əl-Əsədin, həm də Livanın “Hizbullah” silahlı qruplaşmasının aktiv dəstəkçisidir.

Üçüncü element


Əzizi qeyd edir ki, İsrail son bir neçə ayda İranın daxilində nüvə deyil, hərbi obyektləri hücuma məruz qoyub. Onun sözlərinə görə, bu, İsrailin İranla bağlı siyasətində “üçüncü elementin meydana gəlməsindən” xəbər verir.

"Görünür, bu hücumlar İslam Respublikasının müasir raket və dronlar istehsalını sabotaj etməyə yönəlib", – Əzizi AzadlıqRadiosuna vurğulayıb.

ABŞ mətbuatı adını çəkmədiyi amerikalı kəşfiyyat rəsmilərinə istinadən İsfahandakı hərbi obyektə hücumun arxasında İsrailin olduğunu yazıb. Həmin obyektdə raket tədqiqat və istehsal mərkəzi yerləşirdi. Pentaqon bu hücumda iştirakı olmadığını bildirib.

Hərbi obyektə vurulmuş zərərin həcmi açıqlanmayıb. İranın Müdafiə Nazirliyi bildirib ki, “emalatxanadakı” partlayış yalnız az həcmdə zərər vurub və ölüm hallarına səbəb olmayıb. Sosial mediada paylaşılan videolarda ərazidəki partlayış görüntülənib.

ABŞ rəsmilərinin səfərlərindən sonra


Hücum Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uillyam Börnsün (William Burns) İsrailə səfərinin ardınca baş verib. Daha öncə isə ABŞ Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivan (Jake Sullivan) İsrailə səfər etmişdi.

ABŞ Dövlət Katibi Entoni Blinken (Anthony Blinken) yanvarın 30-da İsrailə səfəri zamanı müxbirlərə İsrailin yeni sağçı hökuməti ilə “İranın regionda və onun xaricində sabitliyi pozucu fəaliyyətinə qarşı …əməkdaşlığın dərinləşdirilməsi” ilə bağlı danışıqlar apardığını deyib.

Tehran hücuma görə suçlamanı dərhal səsləndirməyib. Xarici İşlər Naziri Hossein Əmir-Abdollahiyan deyib ki, “qorxaqcasına dron hücumunun” məqsədi İslam respublikası daxilində təhlükəsizliyi pozmaq olub.

Kiyevin hücumda əli ola bilərmi


Ukrayna Prezidenti Volodimir Zelenskinin yüksək rütbəli köməkçisi Mixaylo Podolyakın “İranda partlayıcı gecə” haqda tvitindən sonra İran Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilindən izahat tələb edib. Podolyak həmin tvitə “Ukrayna sizi xəbərdar etmişdi” sözlərini də əlavə etmişdi.

İranın Ali Milli Təhlükəsizlik Şurası ilə bağlı olan “Nournews” saytı yazıb ki, Podolyakın tviti Kiyevin hücumla əlaqəsi olmasından xəbər verir. Sayt “ağır nəticələr” barədə xəbərdarlıq edib.

Hücum hökumət əleyhinə etirazların amansızlıqla yatırılmasından dolayı İranın Qərb dövlətləri ilə əlaqələrinin daha da pisləşməsi və Rusiya ilə əməkdaşlığının güclənməsi fonunda baş verib.

İran Rusiyaya dronlar göndərdiyini etiraf etsə də, bunu Moskvanın Ukraynaya hücuma başlamasından öncə etdiyini deyib. Ukraynada İran dronları vurulub yerə salınsa da, Moskva Ukraynada İran dronlarından istifadə etdiyini danıb.

“İsrail bunu bilir...”


Əzizi deyir ki, İranın eyni miqyasda cavab vermək qabiliyyəti yoxdur. "Güman ki, İsrail bunu bilir və buna görə də bu təxribatları davam etdirir”, – o deyir.

Ancaq Əzizi həm də əlavə edib ki, İslam Respublikası həm daxildən, həm də xaricdən güclü təzyiqlər səbəbindən “cavab verməməyin onun mövcudluğu üçün daha böyük təhlükə olması” qənaətinə gələ bilər.

"Hələ ora çatmamışıq, ancaq risk var və o get-gedə daha real hala gəlir”, – deyə Əzizi xəbərdarlıq edir.

Keçmişdə İran İsrailə məxsus gəmilərə dron zərbələri endirməklə və İsrailin infrastrukturuna kiberhücumlar təşkil etməklə cavab verib. Ötən il İran İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsinə görə məsuliyyəti öz üzərinə götürmüşdü. Tehran burada İsrailə məxsus “strateji mərkəzi” vurduğunu iddia etmişdi.