Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Azərbaycan səfirliyinə terror aktı ilə bağlı sənədlərin qəbuluna mane olub

İran, Hindistan və Suriya Qoşulmama Hərəkatının yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun pislənməsi haqqında çağırışın yer aldığı sənədi qəbul etməsinə mane olub. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.

"İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub".

İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub, deyə Azərbaycan XİN-in məlumatında qeyd olunur.

Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

Azərbaycan XİN İran tərəfinin "bu təxribatçı addımını" pisləyir.

"Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək", deyə Azərbaycan XİN-in press-relizində bildirilir.