İnsanları məhv edən sual: Zəlzələni niyə əvvəldən proqnozlaşdırmaq olmur?
17 Fevral 2023
"Zəlzələ süni şəkildə törədilib". "Zəlzələnin baş verəcəyini əvvəlcədən müəyyən etmək olmaz". "Heyvanlar zəlzələnin baş verəcəyini əvvəldən hiss edirlər".
Hər dəfə orta və ağır dərəcəli titrəyişlər olandan sonra konspuriloqlar, sadə adamlar və hətta elm adamları bu və bu kimi iddialar, sualları səsləndirirlər. Təəssüf ki, çox zaman sualların cavabı səhv, iddialar isə yalan olur. Bəs həqiqət necədir?
Pressklub.az xəbər verir ki, fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş vermiş 7,8 və 7,5 bal gücündə iki güclü zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə “Zəlzələni niyə əvvəldən proqnozlaşdırmaq olmur?” sualını növbəti dəfə aktuallaşdırdı.
Bu zəlzələlərin baş verdiyi Şərqi Anadolu qırılma xətti üç tektonik plitənin - Anadolu, Ərəbistan və Afrika plitələrinin bir-birinə sürtündüyü "üçtərəfli qovşağın" bir hissəsidir. 1970-ci ildən bəri bölgədə çox az sayda 6 baldan yuxarı zəlzələ baş verdiyi üçün geoloqlar burada güclü zəlzələ olacağını təxmin edirdilər.
Bəs onlar niyə dəqiq bu fəlakətin vaxtını proqnozlaşdıra bilmədilər?
Əslində, zəlzələləri elmi baxımdan proqnozlaşdırmaq çox çətindir.
ABŞ Geologiya Xidməti qeyd edir ki, real proqnoz üç məsələni əhatə etməlidir: zəlzələnin harada olacağını, nə vaxt olacağını və nə qədər güclü olacağını. Qurum indiyədək heç kimin bunu edə bilmədiyini bildirir.
Geoloqlar bir neçə ili əhatə edən zəlzələ ehtimalını hesablayaraq "təhlükə xəritələri" hazırlayır və bu xəritəyə əsasən proqnoz verirlər. Bu, imkan verir ki, ən çox risk altında olan ərazilərdə tikinti standartlarının təkmilləşdirilməsi kimi müəyyən planlaşdırma işləri görülsün. Amma uzunmüddətli proqnozlar zəlzələ barədə erkən xəbərdarlıq imkanı yaratmır.
“Türkiyədəki binalar dağılmağa hazır idi”
“Türkiyə və Suriyada binaların dağılmağa hazır olduğunu göstərən bir çox amil vardı” - İtaliyanın Roma Sapienza Universitetinin və ABŞ-ın Pensilvaniya ştatının Penn State Universitetinin geologiya professoru Chris Marone belə deyir.
O, həmçinin qeyd edir ki, "Lay yavaş-yavaş qırıldıqca elastik dalğalar qırılma xətti boyunca irəliləyir. Elastik mühitdəki bu dəyişikliklərə və qırılma zonalarındakı foreşokların (ilkin seymsik təkan) gurultusuna əsasən laboratoriyada qırılmanın nə vaxt baş verəcəyini proqnozlaşdıra bilərik. Bunu bütövlükdə Yer kürəsi üçün də etmək istərdik, amma hələ ki, o nöqtədə deyilik".
İonosferdəki dəyişikliklər zəlzələ əlaməti sayıla bilərmi?
Zələlələr qırılma zonalarının üstündəki maqnit sahəsində dəyişikliklərə səbəb olur. Çin alimləri zəlzələdən əvvəl ionosferdə (atmosferdəki elektromaqnit dalğalarını əks etdirmək üçün kifayət qədər ionun və sərbəst elektronun olduğu 70-400 km aralığındakı hissə) elektrik yüklü hissəciklərin dalğalanmalarını izləyirlər. Pekindəki Zəlzələni Proqnozlaşdırma İnstitutunun əməkdaşı Jing Liu-nun başçılıq etdiyi qrupun mütəxəssisləri bildirirlər ki, 2010-cu ilin aprel ayının əvvəlində - Meksikanın Baja Kaliforniya ştatında baş vermiş zəlzələdən 10 gün əvvəl bu zəlzələnin episentrinin üstündəki atmosfer elektronlarında dəyişiklik müşahidə ediblər.
İsraildəki araşdırmaçılar qrupu isə bu yaxınlarda iddia edib ki, son 20 il ərzində ionosferin elektron tərkibindəki dəyişiklikləri tədqiq etməklə güclü zəlzələləri 48 saat əvvəl 83% dəqiqliklə proqnozlaşdırmaq üçün texniki tətbiqdən istifadə edə bilərlər.
2018-ci ildə Çin ionosferdəki elektrik anomaliyalarını izləmək üçün Seysmo-Elektromaqnit Peykini (CSES) kosmosa göndərib. Keçən ilsə Pekindəki Çin Zəlzələ Mərkəzinin alimləri bu ölkədə 2021-ci ilin mayında və 2022-ci ilin yanvarında baş vermiş zəlzələlərdən əvvəl (birincisindən iki həftə, ikincisindən bir həftə əvvəl) ionosferin elektron sıxlığında azalma aşkar etdiklərini iddia ediblər. Amma onlar əvvəlki dövrə aid məlumatlardan istifadə etdikləri üçün retrospektiv baxışın verdiyi üstünlüyünə malik olublar. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, hətta peyk məlumatlarına əsasən də zəlzələni proqnozlaşdırmaq hələ ki, mümkün deyil.
Su buxarında dəyişikliklər
Digər tədqiqatçılar müxtəlif siqnallara istinad edir. Yaponiyanın bəzi alimləri iddia edirlər ki, zəlzələ zonalarının üstündəki su buxarında baş verən dəyişiklikləri analiz edərək proqnoz verə bilirlər. Testlər belə proqnozlarda dəqiqliyin 70% olduğunu göstərir: bu üsul növbəti ay ərzində hansı nöqtədə zəlzələ ola biləcəyini təxmin etməyə imkan verir.
Digərləri isə Yerin cazibə qüvvəsində zəlzələdən əvvəl baş verə biləcək kiçik dalğalanmalardan istifadə edərək proqnoz verməyə çalışırlar.
Amma bütün bu iddialara baxmayaraq, indiyə qədər alimlərin heç biri zəlzələnin harda və nə vaxt baş verəcəyini dəqiq proqnozlaşdıra bilməyib.
Heyvanlar zəlzələləri qabaqcadan görə bilirlərmi?
Heyvanların zəlzələdən əvvəl qorxub çaxnaşması haqda məlumatlar minlərlə il əvvələ gedib çıxır. Amma bu müşahidələrdən faydalanmaq çətindir.
Çünki heyvanların davranışı heç də həmişə düzgün proqnoz verməyə imkan vermir. Məsələn, bildirilir ki, Çində onilliklər əvvəl baş vermiş zəlzələni heyvanların qeyri-adi davranışlarının köməyilə proqnozlaşdırıblar, amma növbəti zəlzələlərdə bu hal müşahidə olunmayıb.
Almaniyanın Maks Plank adına Heyvan Davranışları İnstitutunun alimləri İtaliyanın zəlzələ zonalarında inək, qoyun və itlərin davranışlarını analiz edirlər. Tədqiqatçılar deyir ki, qarşıdan gələn təkanlar və zəlzələlər episentrinə yaxınlaşdıqca heyvanlar davranışlarını daha tez dəyişir.