İlham Əliyev Aİ Şurasının Prezidentini və Avropa Komissiyasının Prezidentini təbrik edib
07 Dekabr 2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
Hörmətli cənab Prezident,
Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik.
Sizə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
***
Prezident İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayeni yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
"Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".