Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Ağdama səfər edib

Prezident İlham Əliyev fevralın 13-də Qarabağa səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olan prezident orada çıxış edib.

Prezident Azərbaycanın iş adamlarını Ağdama və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırıb: “Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik.

Qarşımızda böyük işlər var. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər digər şəhərlərin baş planlarını işləyir. Onlar hazır olan kimi praktiki işlərə başlayacağıq”.

Prezident 2020-ci ilin Vətən müharibəsi başa çatandan bəri Ağdama üçüncü dəfədir gəldiyini vurğulayıb: “Hər dəfə bura gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarımdağılmış məsciddir. Ağdam şəhərində, Ağdam rayonunda bu yarımdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər.

İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərti ilə sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır.

Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq”.

Həmin gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməli qoyulub.

İlham Əliyev prezidentin Qarabağdakı xüsusi nümayəndəliyinin qərargahına, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksinə də baş çəkib.

Ağcabədi rayonuna səfərində İlham Əliyev “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olub, yenidən qurulan “Ağcabədi” yarımstansiyasının açılışını edib, Daxili Qoşunların yeni hərbi şəhərciyinin, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun açılışlarına qatılıb.