İlaxır çərşənbə: Kütüm yenə bahalaşdı
18 Mart 2026
Son günlər Azərbaycanda balığın bahalaşdığı bildirilir. Bu bahalaşmanın xüsusilə ölkənin cənub rayonlarında daha çox hiss edildiyi söylənir.
Yerli sakinlərin sözlərinə görə, xüsusilə kütüm (ziyad) balığı bahalaşıb. Onlar vurğulayırlar ki, adət-ənənələrə görə, əsasən Lənkəranda, Astarada Novruzun axır çərşənbəsində süfrələrə mütləq ziyad balığı qoyulmalıdır.
“Bu zonada bütün ailələr çalışırlar ki, süfrələri balıqsız olmasın. Bundan istifadə edən alverçilər, fürsətçilər ziyad balığın qiymətini süni şəkildə qaldırırlar. Son günlər bir kiloqrama qədər olan balığı 45-50 manata satırlar. Kasıb insanları soymaqla hara gedirlər?”, – deyə Astara rayonunun adının çəkilməsini istəməyən bir sakini qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın cənub rayonlarında hər il axır çərşənbədə kütüm balığı bahalaşır: “Keçən il də belə oldu. Amma keçən illə bu ili müqayisə edəndə qiymətlər arasında, necə deyərlər, at-eşşək qədər fərq var. Məsələn, keçən il axır çərşənbə ərəfəsində bizdə kütüm balığının bir kiloqramını 30-35 manata almaq olardı. Halbuki, fevralda kütümün bir kiloqramı 14-15 manata olur. Yəqin bayramdan sonra yenə balıq nisbətən ucuzlaşacaq. Amma əvvəlki illərlə müqayisədə ucuzlaşmanın daha az olacağını ehtimal edirəm”.
Astara sakini kütümün belə bahalaşmasını onun qıtlığı ilə izah edir: “İndi kütüm tapmaq müşkülə çevrilib. Son illər Xəzərdən balıq tutanlar azalıb. Baliq da qıtlaşıb. Həm də İranda müharibə ilə bağlı oradan balıq gətirilmir”.
Kütümün qiymətindəki bahalaşma ölkənin başqa ərazilərində də müşahidə edilir. Amma artımın cənub rayonlarındakı kimi kəskin olmadığı bildirilir.
“Könlü balıq istəyənin...”
Bakıdakı satıcıların sözlərinə görə də, son vaxtlar İranda baş verənlər fonunda Azərbaycana həmin ölkədən kütüm idxalı kəskin azalıb.
Fevralın 28-dən ABŞ və İsrail İrana hava hücumlarına başlayıb. İran isə İsrailə və ABŞ-nin regiondakı bazalarını, diplomatik missiyalarını hədəfə alır.İstər ABŞ, istərsə də bir çox Qərb ölkələri İranın nüvə proqramını təhdid sayırlar.Bununla bağlı illərlə sürən danışıqlar nəticəsiz qalıb.
Satıcılar əlavə edirlər ki, Azərbaycanın balıq bazarlarında qiymət artımı əslində fevraldan müşahidə edilir. Onların sözlərinə görə, həmin vaxt qiymət artımı balıq növlərindən asılı olaraq 1-2 manat civarında dəyişirdi. Satıcıların vurğulamasına görə, martın ortalarından balıq bazarında qiymət artımı özünü daha çox göstərir.
Hələlik, balıq bazarlarında müşahidə edilən bahalaşma ilə bağlı rəsmi qurumlar hər hansı münasibət bildirməyiblər.
“Azərbaycanda belə bir məsəl var: ‘Könlü balıq istəyənin quyruğu suda gərək’. Əslində, bu məsəl indi belə olmalıdır: ‘Könlü balıq istəyənin, cibləri dolu gərək’”, – deyə satıcılardan bir yarızarafat vurğulayır.
Bu gün, martın 17-i ilaxır – torpaq çərşənbəsidir. Bundən əvvəlki 3 həftənin ikinci günlərində ardıcıl olaraq od, su və külək çərşənbələri qeyd edilib. Bu il bahar Azərbaycana martın 20-də saat 18:45:53-də qədəm qoyacaq.