Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hikmət Hacıyev: “Sülh prosesinə əsas maneə Ermənistanın separatçılara dəstəyidir”

Azərbaycan və Ermənistan arasında sülh prosesinə əsas maneə odur ki, Ermənistan Qarabağda maliyyə və hərbi-siyasi cəhətdən "separatçı xunta"nı saxlamağa davam edir. Bu barədə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev TASS agentliyinə müsahibəsində bildirib.

"Məhz Xankəndidə qanunsuz rejim Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasını əngəlləyir, Azərbaycandan ərzaq yüklərinin qəbulundan imtina edir və bunu sivil dünyada yeri olmayan mağara təfəkkürlü irqçilik motivlərilə motivlərilə əsaslandırır", - Hacıyev qeyd edib.

“Həmçinin Bakının dəfələrlə belə təmaslara dəvət etməsinə baxmayaraq, qanunsuz rejim Azərbaycanın mərkəzi hökumətilə Qarabağda yaşayan erməni etnik azlıq arasında dialoq cəhdlərinin qarşısını alır. Qarabağda yaşayan 30 min erməni əsilli vətəndaşımızı girov götürən Ermənistanın qanunsuz rejimə dəstək siyasətinə son qoyulmalıdır. Azərbaycanda “boz zona”lara yer yoxdur”, - Azərbaycan prezidentinin köməkçisi deyib.

Bununla yanaşı, o vurğulayıb ki, Bakı "Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri nə Ermənistanla, nə də hər hansı üçüncü ölkə ilə müzakirə etməyəcək".

"Azərbaycanın mərkəzi hakimiyyətilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər”in  yaradılması mövzusunun ortaya atılması yolu ilə dövlətimizin daxili işlərinə müdaxilə cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhün əldə olunması perspektivi baxımından əks-məhsuldardır", -Hacıyev bildirib.

"Azərbaycan 2020-ci ildə olduğu kimi, yenidən güc tətbiq edə bilərmi?" sualına o belə cavab verib: "Hipotetik ssenariləri şərh etmək istəməzdim. Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür və hər zaman öz Konstitusiyasının müddəalarına və beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərir. Biz bütün mövcud məsələlərin sülh yolu ilə həllini hədəfləyirik”.

Ümumilikdə regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə toxunan Hacıyev diqqəti Ermənistanın Zəngəzur dəhlizinin açılması üzrə öhdəliyini yerinə yetirməməsinə yönəldib.

“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələrilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik”, -Hacıyev deyib.

Bununla yanaşı, o, Azərbaycanla Ermənistan arasında bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını  real hesab edir.

"Biz hələ də bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına ümid edirik və Ermənistan siyasi rəhbərliyini əsas addımı atmağa - sülh müqaviləsinin altında öz imzası ilə rəsmi olaraq  Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən respublikamızın Qarabağ iqtisadi bölgəsini tanınmağa və gələcəkdə ölkəmizin daxili işlərinə qarışmamağa çağırırıq, o cümlədən Qarabağdakı erməni əsilli vətəndaşlarımızla qarşılıqlı fəaliyyətimiz kimi daxili məsələlərimizi bu əhali qrupunun hüquq və təhlükəsizliyini təmin etmək bəhanəsilə beynəlxalq platformalara çıxarmaq cəhdlərilə. Onlar bizim vətəndaşlarımızdır və onların hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası ilə təmin ediləcək. Ermənistanın bizim ölkəmizdə separatizmin maliyyələşdirilməsi və qızışdırılması siyasətindən imtina etməsi vacibdir", - Hikmət  Hacıyev Azərbaycanın mövqeyini açıqlayıb.