Hikmət Hacıyev jurnalistlərin həbsi ilə bağlı suallara cavab verib
12 Noyabr 2024
"Azərbaycan Respublikasında tam şəkildə qanunun aliliyi, o cümlədən də media azadlığı qorunur. Əgər siz kiminsə həbsi ilə əlaqədar danışırsınızsa, burada gəlin qanunun aliliyindən danışaq".
Bunu noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə ölkədə bir sıra jurnalistlərin həbsi ilə bağlı verilən suala cavabında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, qeyd edilən şəxslərin jurnalist fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir təqib halı baş verməyib. H.Hacıyevin vurğulamasına görə, söhbət onların jurnalistikadan kənar fəaliyyəti ilə bağlı proseslərdən gedir: "Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq anlayışı deyil. Sizin dediyiniz şəxslərlə də bağlı mən konkret rəqəmləri deyə bilərəm. Burada böyük miqdarda qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır".
Prezidentin köməkçisi daha sonra da sual edib: “Özlərini media orqanları adlandıran təsisatlar belə qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər?”