Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həyat yoldaşını qəzada itirən Ənvər Həsənov: "Qucağımda keçindi..." - FOTOLAR

“Bu gün 15 il oldu ki, Mömünat yanımda yoxdur. Dekabrda doğum günü idi, yanvarda isə anım günüdür. Bir ay idi ki, 50 yaşı tamam olmuşdu. Vaxt tez keçdi, elə bil, dünən o hadisə olmuşdu, artıq 15 ildir... Səhər tezdən durub onun məzarı üstünə getməyə hazırlaşıram. Həyatdır da. Biz burada, o isə öz cənnətində yaşayır. O cür kişi xasiyyətli, xanım-xatun qadını itirmək mənim üçün olduqca ağırdır. Bəlkə də, o bu gün yanımda olsaydı, çox şeylərin üstündən asanlıqla keçərdim. Mənə məsləhətlər, tövsiyələr verərdi. O dəhşətli günü, qəzanı unutmaq mümkün deyil. Adi günləri insan unuda bilir, ən azından, unudur. Sırf o günü yox. Hər şey gözümün önünə gəlir. Onun getmək istəməməsi, həvəssiz olmağı - hər şey yadımdadır. Qızım 28 yaşında idi. O bizi tək, yetim qoyub getdi”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib.



“Hər dəfə düşünürəm ki, kaş getməzdik, o soyuqda çölə çıxmazdıq. Buna görə çox peşmanlıq çəkirəm. Biz hər zaman qışda gəzirdik, rayonlara çıxırdıq. Nə biləydik ki, belə bir hadisə baş verəcək?! Bu Allahın işidir, demək ki, belə yazılmışdı. Qəza baş verən günü həyat yoldaşım elə oradaca dünyasını dəyişdi. Maşın çevrilmişdi, ağac şüşəni sındırıb onun başına girmişdi. Özümü toparlayıb onu maşından çıxardım, elə qucağımda gözlərini bu həyata əbədi yumdu. Son sözü bu oldu - gözlərini açıb dedi ki, “yuxum gəlir”. Biri var ki, görmədən kimsə rəhmət gedir. Bu sənə bir o qədər də təsir etmir. Bir də var ki, sevdiyin qadın canını sənin qucağında tapşırır. Həyatda mənim üçün bundan böyük dərd, əzab, faciə, dəhşət ola bilməzdi. O mənə olan sevgisinə görə canından keçərdi, keçdi də”, - deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, həyat yoldaşı ölümünü hiss edibmiş.



“O hər şeyi öncədən görür və bilirdi. Bir gün mənə dedi ki, gəl otur yanımda. Elə bil ki, mənə vəsiyyət edirdi. Dedi ki, mən səndən öncə rəhmətə gedəcəyəm. Sən qadınsız yaşaya bilməyəcəksən. İl mərasimimi verəndən sonra get ailə həyatı qur. Əsəbiləşdim, dedim ki, bu söhbətə qayıtmayaq. Dedim ki, mənim nikah kağızımda tək sənin adın var, elə də olacaq. Mömünat dünyasını dəyişəndən sonra baldızlarım, bacılarım məni ailə həyatı qurmağa məcbur etdilər. Əlbəttə ki, razılaşmadım. Nişan üzüyümü barmağımdan hələ də çıxarmamışam. Elə bir gün yoxdur ki, onunla danışmayım. Mənim də taleyim belə oldu”, - deyə sənətkar bildirib.