Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hərbi xidmət problemi - Möhlət olmadığından oğlanlar kollecə getmir

Azərbaycanda kollec tələbələrinə də hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bunu Elm və Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflər aidiyyəti rəsmi qurumlara göndərilib.

Nazir müavini bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir: "Bildiyiniz kimi, təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər".



C.Məmmədov


C.Məmmədov


"Belə bir möhlətin verilməsi…"


Son təklifə, hələlik, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Turan"a bildirib ki, belə bir möhlət hüququnun verilməsi normaldır: "Burada bütün tələbələrdən söhbət getmir. Yəni, söhbət konkret olaraq proqramı bitirməyən, təhsili davam etdirən gənclərdən gedir ki, belə bir möhlətin verilməsi prosesə müsbət töhfə verə bilər".



K.Əsədov


K.Əsədov


"Ali məktəblərə qəbul ola bilməyənlər…"


Bu gün Azərbaycanda 54 orta ixtisas təhsili müəssisəsi var və orada 50 minədək tələbə təhsil alır. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, ali məktəblərə qəbul ola bilməyənlər kolleclərə üz tuturlar: "2018-ci ildə "Təhsil haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, kollec məzunları subbakalavr statusunu alırlar. Hətta imtahansız öz ixtisasları üzrə ali təhsil almaq hüququna malikdirlər. Son üç ilə baxanda biz görürük ki, hər il ən azı 6 min subbakalavr imtahansız ali məktəblərə qəbul ola bilir. Bu, kolleclərə marağı artırıb".



Ekspert hesab edir ki, hərbi xidmətdən möhlət hüququnun verilməsi kifayət qədər yaxşı haldır. "Azərbaycanın kifayət qədər güclü ordusu var. Kiminsə iki və ya üç il ərzində möhlət alması Azərbaycan ordusuna heç bir təsir göstərməyəcək, əksinə, bu şəxslər gənc mütəxəssis olaraq iki-üç il sonra Azərbaycan ordusunun sıralarına daxil olacaqlar. Bu möhlət hüququ həmçinin kolleclərə marağı daha da artıracaq, çünki bəzi hallarda sırf möhlət hüququnun olmadığına görə oğlanlar kollecə getmirdi", - K.Əsədov AzadlıqRadiosuna bildirib.