Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Hər maşının arxasından meyit çıxırdı": İrandan şahidlərin dedikləri

İranın mərkəzindəki İsfahan vilayətinin sənaye və yaşayış məhəllələrində üç şahid rejimə qarşı son etirazlarda misilsiz zorakılıq səhnələrini təsvir edib.

Şahidlər AzadlıqRadiosunun fars xidmətinə deyiblər ki, vilayətin ucqarları, ətraf şəhərlərin bəzi yerləri indi müharibə zonalarını xatırladır, hətta 1980-ci illərin İran-İraq müharibəsi zamanı işğaldan sonra viran qalmış şəhərlərlə müqayisə oluna bilər.

Hakimiyyət ötən il dekabrın 28-də başlanan antihökumət etirazlarını zorakılıqda yatırdıb, hazırda ölkə boyunca hərbçi və polis qüvvələri yerləşdirilib, internet və rabitə blokadası tətbiq olunub.

İranın Tehrandan sonra ikinci ən böyük sənaye mərkəzi olan İsfahanın bəzi yerlərində etirazlar vaxtı ilk qarşıdurmalar yaranıb. İzdiham açıq şəkildə Pəhləvi monarxiyasının qaytarılmasını tələb edib, qadağan olunmuş "Şir və Günəş" bayrağını dalğalandırıb. Rejim bu bayrağı monarxiya və dünyəvi millətçiliyin qalığı sayır.

Ucqarlar viran qalıb

Nəcəfabad bölgəsindəki şəhər tipli Yəzdanşəhr qəsəbəsi yanvarın 2-dən çoxsaylı küçə etirazlarının mərkəzinə çevrilib. "Radio Fərda"ya danışan yerli sakin dağıntıları təsvir edib: şəhərin divarları, qapılar güllələr ilə deşilib, fasadlardan kərpiclər düşüb, pəncərələr sındırılıb, banklar, hökumət binaları yandırılıb.

"Yəzdanşəhr işğaldan sonrakı Xürrəmşəhrə oxşayır", – təhlükəsizliyə görə adı açıqlanmayan şahid deyib. Xürrəmşəhri 1980-ci illərdə İraq qüvvələri işğal edib, sonradan geri alınıb.

Şahid təhlükəsizlik qüvvələrinin etirazçılara divan tutması haqda bunları deyib: "Hər maşının arxasından bir meyit çıxırdı. Hamını döymüşdülər".

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri izdihama heç fərq qoymayıb, yoldan keçənlərə, dükan sahiblərinə və damlardan baxan insanlara atəş açıb: "Çöldə olan hər kəsi döyürdülər". O, bəzi ailələrdən bir neçə üzvün öldürüldüyünü qeyd edib.

AzadlıqRadiosu bu şahid ifadələrini müstəqil təsdiqləyə bilməyib. Amma onlar İrandan gələn digər etibarlı məlumatlarla xeyli üst-üstə düşür.

Ölənləri necə tanıyıblar

Təxminən 60 kilometr aralıda yerləşən Baharistan şəhərində başqa bir şahid "Radio Fərda"ya etirazlardakı böyük insan itkisindən danışıb. Qurbanların çoxunun bəxtiyari etnik qrupundan olduğunu bildirib.

"Heç vaxt ağlıma gəlməzdi ki, bu qədər adam öldürərlər. Kiminsə belə şeylər edə biləcəyini heç vaxt düşünməzdim", – şahid deyib.

Etirazlar zorakılıqla yatırıldıqdan sonra Baharistanda yanacaqdoldurma məntəqələri tamamilə yandırılıb, sakinlər yanacaq almaq üçün kənara çıxmağa məcbur qalıblar.

İsfahanın Şahinşəhr qəsəbəsindən şahid ağır silahlanmış təhlükəsizlik qüvvələrinin "qoca-cavan, qadın-kişi demədən" hədəf aldığını, yaralılara və ölülərə də atəş açdığını söyləyib.

ABŞ-də yerləşən HRANA insan haqları qrupunun məlumatına görə, İranda etirazlarda təsdiqlənmiş ölü sayı 4 min 500-ü keçib, 9 mindən çox hal isə araşdırılır. Müxtəlif qruplar ölənlərin sayını daha çox göstərir.

Şahid yaxınlarının cəsədlərini tanımaq, təhvil almaq üçün İsfahanın ən böyük qəbiristanlığına gedib: "Meyitlər üst-üstə yığılmışdı, çoxunun üzərində qan görünürdü. Onları tanımaq üçün cəsədləri özümüz bir-bir qaldırıb kənara çəkirdik ki, altda qalanı görək".

O, ölənlərin üzlərinin dəhşətli durumda olduğunu, döyülmədən, güllə yaralarından tanınmaz hala düşdüyünü deyir. Qəbiristanlıqda meyitlər arasında təxminən 10-16 yaşlı uşaqlar da olub.

Qorxu mühiti

İsfahan ostanında yerləşən Fuladşəhrdən üçüncü şahidin "Radio Fərda"ya dediyinə görə, qorxu o qədər güclüdür ki, "günorta saat üç-dörddən sonra heç kim, hətta dərman almaq üçün belə, küçəyə çıxmağa ürək etmir". Qaranlıq düşməmişdən mülkigeyimli, ağır silahlanmış təhlükəsizlik qüvvələri küçələrdə dolaşır, etirazçıları qorxutmaq üçün şiələrin "Heydər, Heydər" şüarını qışqırırlar.

Repressiya sakinlərə sarsıdıcı təsir edib. İnsanlar artıq su və elektrikin kəsilməsindən, ərzağın kəskin bahalanmasından şikayət etməyə cəsarət etmirlər. Etsələr belə, mesajlarını xarici dünyaya çatdırmaq çox çətin olar. Fuladşəhr sakininin sözlərinə görə, hakimiyyət təkcə internet və telefon xidmətlərini kəsməyib, məhəllələrdə peyk antenlərini də çıxarıb.

"İnsanların tamamilə təcrid olunmasını istəyirlər, bu halda onlara istədikləri hər cür zərəri rahatlıqla vura bilsinlər", – şahid "Radio Fərda"ya deyib.