Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həkimdən xəbərdarlıq: antibiotik imkan vermir ki...

Son aylar Azərbaycanda kəskin respirator xəstəliklərinin artması, hətta xəstəlik müddətinin uzanması, müalicənin nəticəsizliyi barədə narahatlıqlar var. Bəziləri bu xəstəliyi koronovirusun yeni ştammı hesab edir, bəziləri isə qripin yeni forması sayır. Belə xəstəliklərin müalicəsində antibiotiklərdən istifadə hallarının zərərli olması barədə məlumatlar da artıb.

Pressklub.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev mətbuata açıqlamasında bu fikirlərə aydınlıq gətirib.

Həkim bildirib ki, hər hansı bir xəstəlik törədən amilin orqanizmə daxil olduğu andan etibarən bədənimizdə müdafiə mexanizmi yaranır. Xəstəlik törədən antigenlərin müxtəlif anticisimlərlə orqanizmdən çıxarılmasını təmin edən bu sistem, həmin amillə qarşılaşdıqda müxtəlif xəstəlik törədicilərinə qarşı müdafiə inkişaf etdirir və orqanizmin davamlı qorunmasını təmin edir.

“Bəzən həkim məsləhəti olmadan xəstəliyin müalicəsi üçün istifadə edilən antibiotiklər və buna bənzər dərmanlar immun sisteminin həmin xəstəlik törədicisinə qarşı lazımi müdafiəni qurmasına və inkişaf etməsinə mane olur. Misal üçün, xəstədə hər hansısa bir virus mənşəli infeksiya varsa, istifadə edilən antibiotik müalicəsi sağalma dövrünü uzada, hətta xəstəliyi daha da ağırlaşdıra bilər.

İmmun sisteminin kifayət qədər müqavimət göstərə bilmədiyi hallarda müalicə və ya xəstəliklərdən qorunmaq üçün həkim nəzarətində dərmanlara üstünlük verilməlidir” – deyə, Zakir Quliyev əlavə edib.