Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Havaya uçan milyonlar: AZAL-ı necə ram etməli?

“Bakı - İstanbul 250 dollar,

İrəvan - İstanbul 50 dollar.

Bakı - Paris 300 dollar,

İrəvan - Paris 120 dollar.

Bakı - Berlin 300 dollar,

İrəvan - Berlin 50 dollar”.

Azərbaycan cəmiyyəti “AZAL” QSC-dən bu bahalığın, həmçinin ona rəğmən on milyonlarla manat zərər etməsinin izahını tələb etdiyi günlərdə növbəti “sürpriz” baş verdi: Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasına (NMR) biletlərin qiymətini 10 manat bahalaşdıraraq, 50 manatdan 60 manata qaldırdı. 

Bu məqsədlə Nazirlər Kabinetinin 2008-ci ildə verdiyi qərara dəyişiklik edilib. Qərarda göstərilir ki, Azərbaycanın başqa bölgələri ilə məhdud nəqliyyat əlaqəsi olduğuna görə, Naxçıvana aviauçuşların dəyərinin bir hissəsi dövlət tərəfindən kompensasiya edilir. Qərarda göstərilən məbləğ 95 manat müəyyənləşdirilib (daha sonra 70 manata endirilib). Bundan sonra Muxtar Respublikaya gedən vətəndaşların bilet xərcinin 10 manatını dövlət ödəyəcək. 

Qiymət artımının səbəbi açıqlanmır, baxmayaraq ki, 44 günlük müharibədən sonra Naxçıvana hava yolu qısalıb, nəticədə yanacaq xərcləri bir qədər azalıb. Belə ki, hazırda İran üzərindən baş tutan Bakı-Naxçıvan reysinin məsafəsi 421 km, müddəti 1 saat 10 dəqiqədirsə, Ermənistan üzərindən baş tutan uçuşda bu məsafə 50 km qısalaraq 371 km, müddət isə 10 dəqiqə azalaraq, 1 saat olub. Bu müddət ərzində 150 yerlik “Airbus A 320” təyyarələrində uçan sərnişinlərə 30 qəpiklik meyvə şirəsi və 20 qəpiklik bulka paylanılır. 

“AZAL” hər sərnişinə görə 10 manat da dövlətdən alıb həyata keçirdiyi hava reyslərinin rentabelli olmadığından gileylənir. Bu barədə Hava Yollarının rəsmiləri bir neçə dəfə mediaya açıqlamalarında şikayətləniblər. Amma bu nə qədər əsaslı arqumentdir? Hazırda Türkiyənin ən ucqar şərq və qərb nöqtələrini birləşdirən və Bakı-Naxçıvan (371 km) marşrut xəttindən 4 dəfə uzun olan Iğdır-İstanbul (1277 km) reysinin daşıma xərci bir sərnişin üçün 75-90 manat aralığında dəyişir. İstanbul-Adana (922 km) reysi 70 manat, Ərzurum-İstanbul (1048 km) reysi 60 manat təşkil edir. Xatırladaq ki, bir neçə il əvvəl Türkiyə aviaşirkətləri Bakı-Naxçıvan aviareyslərini AZAL-dan daha ucuz həyata keçirməklə bağlı hökumətə müraciət etsə də, təklif qəbul edilməyib (Türk Hava Yolları dövlətdən kompensasiya almadan hər sərnişini 45 manata daşıya biləcəyini açıqlamışdı).

Hazırda İspaniyada olan tanınmış radioaparıcı Teymur Əliyev “Facebook”da yazır ki, Naxçıvana aviabiletin qiymətini bir tərəfə 60 manata qaldırıb, hələ minnət qoyurlar ki, bu, güzəştli qiymətdir. “Yalan danışırsız. Siz bu qiymətə uçub, özü də daimi ağzına kimi dolu təyyarələrlə, rentabelli ola bilmirsizsə, deməli, işləyə bilmirsiz. Ya da sadəcə, oğurlayırsız, artıq və yalançı xərclər yazıb, pul silirsiz. Baxın, Bakı - Naxçıvan - Bakı minnətlə 120 manat. Madrid -Barselona - Madrid, minnətsiz, rəqabətli mühitdə, dövləti soyan yox, pul qazanaraq təyyarə alan, dövlətə vergi verib xeyir verən şirkətlərlə eyni qiymət”, - deyə o aldığı təyyarə biletlərinin fotolarını paylaşıb. 

Yeni qiymətlər onsuz da ağır sosial-iqtisadi problemlər içində çabalayan vətəndaşların xərclərini bir qədər də artırıb. Qeyd edək ki, yay mövsümündə paytaxtda yaşayan bir çox naxçıvanlı ailələr doğulduqları bölgəyə səfər edirlər, bu səbəbdən gündəlik həyata keçirilən 4 hava reysinə bilet tapmaq həmişə çətin olur. Beləliklə, bahalaşmadan sonra “AZAL” vasitəsilə 4 nəfərlik bir ailənin Naxçıvana gediş-dönüş xərci 480 manata çatır. 

İqtisadçı Qubad İbadoğlunun qiymət artımına reaksiyası belədir: “2021-ci ildə dövlət büdcəsinə 23.9 milyon manat vergi ödəyib, həmin ilin büdcəsindən 225.9 milyon manat vəsait götürərək, büdcəyə 202 milyon manat yük olan, hüquqi aktların tələblərinə əsasən 01 marta kimi Hesablama Palatasına hesabat təqdim etməli olsa da, 01 may 2021-ci il tarixinə qədər bunu etməyən 13 dövlət orqanından biri olan "AZAL" Bakı-Naxçıvan uçuşunu 10 manat bahalaşdırıb, 60 manat edib... Yəqin ki, quru sərhədlərinin bağlı saxlanmasından eninə-boyuna bəhrələnən "AZAL"-ın izafi qazancları da xaricdə tikiləcək yeni obyektlərin maliyyələşdirilməsinə yönəlir…”

Deputat Fazil Mustafa isə deyir ki, qiymət artımı “AZAL”-ın varlanması üçün tətbiq olunan yeni bir metoddur: “Bu gün minlərlə vətəndaşımızın bilet alıb Naxçıvandan Bakıya gəlməyə pulu yoxdur. Məsələn, mənim onlarla qohumum bu səbəbdən illərdi ki, Bakıya gələ bilmir. Bu gün 100-200 manat pensiya alan bir şəxs necə Naxçıvana və ya əksinə səfər edə bilər? Bu, böyük bir biabırçılıqdır. Düşünürəm ki, bu qərar Naxçıvan əhalisinə qarşı edilmiş ən böyük ədalətsizliklərdən biridir”.

Millət vəkili qeyd edib ki, yalnız alternativ yollar hazır olduqdan sonra qiymət artımına getmək mümkündür: “İlk növbədə Naxçıvanı Azərbaycanla birləşdirən marşrutlar hazır olmalıdır. Daha sonra bilet qiymətlərini artırmaq olar. Ancaq bu gün Bakı-Naxçıvan aviareysinin qiymətini 5 manat qaldırmaq belə olmaz. Mən bu addımı qətiyyətlə pisləyirəm. Və hesab edirəm ki, bu məsələ təcili surətdə həll olunmalı, yaranan problem aradan qaldırılmalıdır”.

Turqut