Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hamburqda insanlara bıçaqla hücum edilib, 17 nəfər yaralanıb

Almaniyanın Hamburq şəhərində yerləşən əsas dəmiryol vağzalında bıçaqlı hücum olub.

"Bild"in məlumatına görə, 39 yaşlı qadının həyata keçirdiyi hücum nəticəsində 17 nəfər yaralanıb. Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Almaniya Federal Polisi hadisədə şübhəli bilinən qadını saxlayıb. Hamburq polisi hesab edir ki, Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücumu törətməkdə şübhəli bilinən 39 yaşlı qadın təkbaşına hərəkət edib.

"Saxlanılan şəxs 39 yaşlı qadındır. İndiyədək daxil olan məlumata əsasən, onun təkbaşına hərəkət etdiyini güman edirik. İstintaq tam sürətlə aparılır", – məlumatda deyilir.

Öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndəsi DPA agentliyinə bildirib ki, saxlanılan qadın milliyyətcə almandır. Onun ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.

Hadisə saat 18:05 radələrində (Bakı vaxtı ilə 20:05) 13/14 platformasında baş verib. Hadisənin baş vermə şəraiti və cinayətkarın motivləri hələlik müəyyən edilməyib.

Hazırda əsas stansiyada qatarların hərəkəti dayandırılıb. Ən yaxın küçələr bağlanıb. Hadisə yerində çoxlu sayda polis və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.

Hamburq Mərkəzi Stansiyası Almaniyanın ən işlək nəqliyyat mərkəzlərindən biridir. Cümə günləri pik saatlarda çox vaxt burada çox sıx ola bilər. Hamburq Mərkəzi Stansiyasında və şəhərin ictimai nəqliyyatında silah, o cümlədən bıçaq gəzdirmək qadağandır. 2023-cü ildən əsas stansiyada mütəmadi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları patrul aparırlar.