Logo
news content
User
Kateqoriyalar

Xəbər

Gürcüstan qisas bölgəsi ola bilər - Rusiya ilə "pis zarafat"

Gürcüstan müxalifəti narahatdır ki, Moskvanın Ukrayna istiqamətində planları uğursuz olsa Cənubi Osetiya və Abxaziyanı ilhaq edə bilər. Və hadisələr bu istiqamətdə inkişaf etsə Gürcüstanın indiki hakimiyyəti indi Kiyevə göstərilən güclü beynəlxalq dəstək ala bilməyəcək.

Keçmiş xarici işlər naziri, prezidentliyə eks-namizəd Qriqol Vaşadze “Exo Kavkaza” saytına açıqlamasında bildirib ki, Gürcüstan hökumətinin Ukrayna ətrafındakı böhrandan məsafə saxlamağa çalışması ölkə üçün “pis zarafat” ola bilər.



Onun fikrincə, rəsmi Tbilisi Rusiyanı qıcıqlandırmamaq siyasəti yürüdür və hesab edir ki, bu siyasət Moskvanın yeni aqressiyasından ölkəni qorumağın ən münasib yoludur. Əslində isə bu, kökündən yanlışdır. “Rusiyanı alver predmeti qismində güzəştlər maraqlandırmır, o güzəştləri elə-belə, heçnəsiz əldə etmək istəyir”, - keçmiş diplomat deyib.

Vaşadze hesab edir ki, Moskvanın Kiyevə qarşı hərəkətlərini açıq pisləyən ölkələrin yanında yer almamaqla Gürcüstan Cənubi Osetiya və Abxaziyanı da birdəfəlik itirmək riski ilə üzləşir.



“Əgər Rusiya ilə ABŞ və NATO arasında dialoq pozulsa, ortaya heç nə çıxmasa Moskva etiraz edəcək, deyəcək ki, onun əsas tələblərini yerinə yetirmədilər. Onların diplomatiyasının gedişatına, tarixinə və qanunlarına əsasən hesab edirəm ki, belə cavab artıq hazırdır. Xüsusən də Dövlət Dumasında artıq layihə var - Donetsk və Luqanskın tanınması, Abxaziya və Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi haqda”, - Vaşadze bildirib.

Keçmiş xarici işlər naziri deyir ki, vaxtilə hətta Kremlə loyal olan Viktor Yanukoviç də hələ onun hakimiyyətdə olduğu dövrdə Krımı Rusiyaya birləşdirməyə hazırlaşan Moskvanın siyasətinin qurbanı oldu.