Fon der Lyayen: Müharibəni uzatmaq Rusiyaya baha başa gələcək
09 Dekabr 2025
Ukraynaya qarşı Rusiyanın müharibəsi nə qədər çox davam etsə, bu, Moskva üçün daha baha başa gələcək.
Bu, Londonda "istəklilər koalisiyası"nın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün yekunlarına dair Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin bəyanatında yer alıb.
Reparasiya krediti struktur baxımından çətin olsa da, Rusiya üçün müharibənin dəyərini artırmaq məqsədi daşıyır: "Beləliklə, (Rusiya Prezidenti - red) Putinin insan itkisinə səbəb olan və Ukraynanın infrastrukturunu dağıdan müharibəni davam etdirməsi Rusiyaya baha başa gələcək".
Ursula fon der Lyayenin sözlərinə görə, Avropanın müdafiəsi qitənin öz cavabdehliyidir. Bu səbəbdən müdafiə hazırlığı üçün yol xəritəsi və ümumi layihələrin hazırlanması istiqamətində operativ iş görülür.
"Ukrayna Avropa İttifaqına üzv ölkələrin (Aİ) SAFE üzrə 19 planından 15-nə daxil edilib. Söhbət ancaq puldan getmir, Ukrayna döyüş meydanından ağır dərs çıxarır. Biz də onunla birgə öyrənirik. Müdafiə sənayesi bazamızın inteqrasiyası ilə bu gün və sabah üçün güclü təməl yaradırıq", - deyə Lyayenin bəyanatında bildirilib.
"Hamımız anlayırıq ki, risk altına qoyulan çox şey var və bilirik ki, daha artıq gecikmək olmaz. Maliyyə dəstəyinin təmin edilməsi Ukraynanın davamlılığını təmin etməyə kömək edəcək və Avropanın müdafiəsini təmin etməyin mühüm hissəsidir", – bəyanatda qeyd olunub.
Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, o, "istəklilər koalisiya"nın iştirakçılarını iki əsas addım barədə məlumatlandırıb: Ukraynaya dəstək və Avropanın müdafiə hazırlığının artırılması.
"Avropa müttəfiqləri ilə birlikdə Rusiyaya təzyiqi gücləndirmək üçün vasitələrə və qətiyyətə malikdir ki, onu danışıqlar masasına oturtsun", – fon der Lyayen hesab edir.