Logo
news content
User
Kateqoriyalar

Xəbər

Fazil Mustafaya sui-qəsd olub - YENİLƏNİB

Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib. Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Fazil Mustafanın qardaşı faktı təsdiqləyib.

***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

"Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

***

Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Deputat hazırda əməliyyat olunur.

***

Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

***

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.