Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanın işğalı ekologiyaya hansı zərbələri vurub?

Ermənistanın İşğalı Nəticəsində Azərbaycanın Ekologiyasına Vurulmuş Ziyanın Beynəlxalq Hüquq Prizmasından Təhlili

1988-ci ildən 1993-cü ilə qədər davam edən Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20% torpaqları Ermənistan tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində minlərlə insan öz yurdundan didərgin salınmış, sonralar da Qarabağın işğal olunmuş bölgələrində ekoloji terror hadisələri törədilmişdir. İşğal etdikləri ərazilərə bu cür münasibət bu torpaqların heç vaxt Ermənistana məxsus olmadığının, onların bu ərazilərə sahiblik hissi yaşamdıqlarının daha bir göstəricisidir. İş o yerə gəlib çatmışdı ki, 2001-ci il noyabr ayının 5-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 37-ci plenar iclasının qətnaməsində həm Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin vacibliyindən, həm də ətraf-mühitin silahlı münaqişə dövründə belə qorunmasının və ziyan verilməməsinin əhəmiyyəti dəfələrlə qeyd edilmişdir (United Nations General Assembly, 2001).

Ətraf mühitin dağıdılması, ekologiyanın qəsdən çirkləndiliməsi və buna bənzər aktların törədilməsi qəbuledilməzdir. Bu, həmçinin beynəlxalq hüquqa zidd bir addım kimi qiymətləndirilir. Bunu bir çox hüquqi sənədlərdə də görmək mümkündür. 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə Birinci Protokolun 55-ci maddəsinə nəzər yetirdikdə onu da görmək mümkündür ki;

“Müharibə zamanı təbii mühitin geniş yayılmış, uzunmüddətli və ağır zədələrdən qorunmasına diqqət yetirilməlidir. Bu mühafizə təbii mühitə bu cür ziyan vurmaq və bununla da əhalinin sağlamlığına və ya sağ qalmasına zərər vurmaq məqsədi daşıyan və ya gözlənilən müharibə üsullarının və ya vasitələrinin istifadəsinin qadağan edilməsini əhatə edir. Təbii mühitə repressiya yolu ilə basqınlar qadağandır” (ЖЕНЕВСКAЯ КОНВЕНЦИЯ, 1977).

Onu da qeyd etmək vacibdir ki, münaqişə dövründə Ermənistan tərəfi “Su Hüququ üzrə Qlobal Çərçivə Konvensiyası”-nın 11-ci maddəsini də dəfələrlə kobudcasına pozaraq, sərhədyanı ərazilərdəki Azərbaycan xalqını öz təbii sərvətlərindən biri olan sudan məhrum etmişdir. “Silahlı Münaqişələrdə Su Hüquqları” adlanan bu maddənin qeydləri bu formada ifadə edilmişdir;

“1. İşğalçı ölkə tərəfindən qovulmuş icmaların su hüququ silahlı münaqişələrə dair beynəlxalq hüququn prinsip və qaydalarına uyğun olaraq təmin ediləcək.

  1. Beynəlxalq və ya qeyri-beynəlxalq münaqişə zamanı su hüququ pozulmayacaq.

  2. Sudan müharibə silahı və ya silahlı münaqişələrdə hədəf kimi istifadə edilməyəcək. Bu qaydanın pozulması insanlığa qarşı cinayət elan ediləcək”(Mammadov, 2019).


Buradan da aydın olunur ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq, təkcə Azərbaycana qarşı yox, həm də ümumilikdə insanlığa qarşı açıq-aşkar cinayət törətməkdədir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, 261 min hektar meşəlik ərazisi, 215 təbii abidə, 5 geoloji-paleontoloji ərazi, və digər ərazilər həm talan edilmiş, həm də amansızcasına məhv edilmişdir (Mammadov, 2019).

Bundan əlavə, minlərlə ağacın qeyri-qanuni şəkildə kəsilməsindən istehsal olunmasına qədər, bir çox flora və faunanın nəslinin kəsilməsinə də səbəb olan Ermənistan işğal edilmiş ərazilərdə qəsdən yanğınlar törədərək, ekoloji terrorizmə dəstək verdiyini açıq-aşkar göstərmişdir.

“Ermənilər tərəfindən işğal olunmuş ərazilərdə vəhşi heyvanlar - donuz, tülkü, çaqqal, canavar, vaşaq, porsuq, çöl pişiyi, dovşan, kirpi və digər kirpi növləri, su quşları, qırqovullar, kəklik və digər növlər ya aclıqdan ölüb, ya da təbii yaşayış yerlərindən itkin düşübdür". (Mammadov, 2019).

BMT-nin Ətraf Mühit Proqramının hesabatına görə Oxçuçayın uzun  illərdir çirklənməsi bir çox ekspertlərin həyəcan təbili çalması ilə nəticələnmişdir. Artıq getdikcə çayın müntəzəm olaraq çirklənməsi gələcəkdə yeni ekofəlakətlərə yol aça bilər.

44 günlük vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Qarabağ bölgəsində münaqişədən zərər çəkmiş bölgələrə böyük qayıdışı həyata keçirməyi planlaşdırır. Bu plan çərçivəsində yenidənqurma proqramının hazırlanması üçün Prezident Administrasiyasının yanında “Əlaqələndirmə Qərargahı” yaratmışdır. Burada sözügedən layihə 2050-ci ilə qədər karbon emissiyasının və tullantıların sıfıra endirilməsi yolunda “yaşıl bərpa” konsepsiyasının həyata keçirilməsinə nail olunması nəzərdə tutulmuşdur. Bərpa olunan enerjilərə və daha qənaətcil texnologiya bu inkişafın mərkəz nöqtəsində öz yerini saxlayır. Buna görə də “ağıllı kənd” və “ağıllı şəhər” tipli layihələr bu sərmayələrin özəyini təşkil edir. Buna misal olaraq, Zəngilan rayonunda Ağalıda salınan “ağıllı kənd” layihəsini misal göstərmək olar ( Secretariat of the United Nations, 2022).

18 yanvar 2023-cü ildə Azərbaycan Ermənistana qarşı Bern Konvensiyasını əsas götürərək, öz doğma bölgəsində qeyri-qanuni qazıntıların aparılması, ətraf mühitin və bio müxtəlifliyin geniş şəkildə məhv edilməsi ilə əlaqədar olaraq, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdir. Artıq uzun müddətdir ki, Azərbaycan ərazisində qeyri-qanuni şəkildə yaşayan erməni silahlıları öz dağıdıcı əməlləri ilə ətraf mühitə ziyan vurmaqla həm də təkcə “Dəmirli-1” mis yatağının qeyri-qanuni inşası üçün bir çox yaşayış yerlərini məhv etmişdir (Daily Sabah, 2023).

Buna səbəb, qeyd edildiyi kimi, Qarabağın işğalı dövründə Ermənistanın Azərbaycanın təbiətini geniş şəkildə məhv etdiyinə dair bir çox sübut toplanmışdır. Bundan öncə onu da vurğulamaq lazımdır ki, Bern Konvensiyası Avropada ətraf-mühitin və biomüxtəlifliyin qorunması üçün 1979-cu ildə əsası qoyulmuş və 1982-ci ildə qüvvəyə minmişdir. Bu konvensiyaya 51 tərəf ölkə və 61 müşahidəçi qurum daxildir. Bu konvensiyanın əsas məqsədi gələcək nəsillər üçün flora və faunanın mühafizəsi ilə yanaşı, həmçinin də nəsli tükənmək üzrə olan növlərin qorunmasını özündə ehtiva edir (Council of Europe, 2013).

Bununla belə, Azərbaycanın əsas məqsədi dünya birliyini Ermənistanın işğal dövründə törətdiyi ekoloji terroru pisləməyə və qınamağa çağırmaqdır. Azərbaycan düşünülmüş və müdrik manevr edərək Ermənistanın törətdiyi əməllərin cavabsız qalmayacağını və bu pozuntulara son qoymaqla təbiətin məhv edilməsinin qarşısının alınmasına nail olmağa çalışır və buna daha da yaxındır. Bunun üçün Azərbaycanın kifayət qədər siyasi iradəsi və hüquqi əsasları vardır. Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətinin əslində iki əsas məqsədi vardır: Ermənistanın qeyri-qanuni olaraq ətraf-mühiti korlayan fəaliyyətlərinə son qoyulması və indiyədək törətdiyi ekoloji terrora görə təzminat ödəməsi.

Kamran Hüseynov