Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda yanan hərbçilər əbbəlcədən öldürülüblər?

Ermənistanda yanğın zamanı həlak olan 15 erməni hərbçinin valideynləri övladlarının məhz yanğın nəticəsində öldüyünə inanmırlar.

Bu barədə məlumatı ölkənin “Hraparak” qəzeti yayıb.

Hərbçilərin valideynləri hadisə ilə bağlı rəsmi versiyanın həqiqətə uyğun gəlmədiyini bildirib və absurd adlandırıb. Onların fikrincə, təcrübəli zabitlər davranışlarının nə dərəcədə təhlükəli olduğunu dərk etmədən sobanı 5 litrlik benzin bidonu ilə yandırmağa cəhd etməzdi.

Ölən hərbçilərdən birinin atasının sözlərinə görə, onlar kazarmada öldürülüb, daha sonradan orada yandırılıb: “Biz əminik ki, onları əvvəlcədən zəhərləyiblər, daha sonra üzərlərinə benzin tökərək yandırıblar”.

Bununla yanaşı, hərbçilərin yaxınlarının sözlərinə görə, yatan halda ölən hərbçilər yanğınla bağlı səs-küyə ən azından oyanardılar.

Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən sözügedən hərbi hissədə baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb.

İnsidentlə bağlı araşdırma davam etdirilir. Hadisədən sonra 5 yüksəkrütbəli hərbçi vəzifəsindən azad edilib.