Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistanda itaətsizlik aksiyaları: nümayişlər bölgələrə yayılır


Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalif qüvvələrin etiraz aksiyası davam edir. Yerevanın müxtəlif küçələrində onlarla insanın iştirakı ilə yürüşlər keçirilir.





Etirazçılar paytaxt Yerevanda və ölkənin digər bölgələrində itaətsizlik aksiyaları keçirir, yolları bağlayıb nəqliyyat hərəkətini iflic edirlər. Polis güc tətbiqi ilə hərəkəti bərpa edir, daha fəal etiraz iştirakçıları saxlanılıb polis bölmələrinə aparılır.





Bazar ertəsi 250-yə yaxın etirazçı saxlanılıb. Polisin məlumatına görə, onların hamısı sərbəst buraxılıb, bəzilərinə dair cərimə cəza tədbiri tətbiq edilib.





Son məlumata görə, bugünkü aksiya zamanı günün birinci yarısında 117 nəfər saxlanılıb.


Hayastan və Pativ Unem (Təzim Edirəm) müxalif parlament fraksiyaları dünən başlanan Milli Məclisin plenar sessiyasında iştirak etməyib.





Nə baş verib?




Ermənistan paytaxtı Yerevanın mərkəzində on dörd küçə vətəndaşlar tərəfindən bağlanıb, Ermənistan mediası parlamentin vitse-spikeri İşxan Saqatelyana istinadən yazır.





Bir çox digər vətəndaşlarla birlikdə ötən gecə Fransa meydanında gecələyən Saqatelyanın həmvətənlərini "dinc itaətsizlik aksiyasına qoşulmağa və küçələri bağlamağa" çağırdığı bildirilir.




Ermənistanda mayın 1-də müxalifət qüvvələri dörd şəhərdən paytaxt Yerevana doğru yürüşə başlayıb. Müxalifət qüvvələrinin aksiyasından əvvəl ötən gün Ermənistan hökuməti ölkədə "kütləvi iğtişaşlar təhlükəsi" ilə bağlı xəbərdarlıq edib, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bəyanat yaymışdı.





Müxalifət onun başçılıq etdiyi hökuməti Dağlıq Qarabağ məsələsində "yolverilməz güzəştlərə getməkdə" ittiham edir, onun "fərsiz siyasəti" sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini iddia edirlər.






Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.




Bundan sonra ölkə parlamentində çıxış edən Nikol Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onların "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddini "aşağı salmağını" istəyib.





Onun bu çıxışından sonra ölkənin bəzi müxalif qüvvələri "oturaq aksiyaya" çağırıblar.





Müxalifət mövcud iqtidarın "erməni xalqının təhlükəsizliyini təmin etməyə, ölkənin suverenliyini müdafiə etməyə" qadir olmadığını bildirir.





Etiraz iştirakçıları Yerevanın müxtəlif yerlərində itaətsizlik hərəkətlərinə başlayıblar. "Paşinyan - satqın", "Paşinyan - Azərbaycan və Türkiyə maraqlarına xidmət edir", "Ayağa qalx, Ermənistan", "Ayağa qalx, Artsax", "Nikol-türk" çağırışları ilə yürüşlər keçirir, şəhərin bir hissəsini o biri hissəsi ilə birləşdirən körpüləri, küçə və prospektləri bağlayıb nəqliyyatın hərəkətini iflic edir.




Polis etirazçıları sıxışdırıb çıxarır, nəqliyyat hərəkətini bərpa edir, daha fəal müqavimət göstərənləri saxlayıb polis şöbələrinə aparırlar. Dünən polis və müxalif mənbələrdən yayılan məlumata görə, 10 nəfər saxlanıb, onlardan ikisinə xuliqanlıq ittihamı ilə inzibati iş açılıb. Saxlananlar 3-4 saatdan sonra buraxılırlar.





Bazar ertəsi polis daha sərt hərəkət edir, itaətsiz aksiya iştirakçılarının küçə bağlamaq cəhdlərinin qarşısı dərhal alınır, fəallar saxlanılıb polis şöbələrinə aparılır.





Səhər başlanan aksiyalarından birində də "Kamk" (İradə) və "Azadlıq hərəkatı" təşəbbüslərinin 11 üzvü polis tərəfindən saxlanılıb.





Hökumət binasını "dezinfeksiya etmək" cəhdi






Onlar tibb işçisi xələti geyinib və əleyhqaz taxıb dezinfeksiya vasitələri ilə Baş nazir Paşinyanın kabineti yerləşən Hökumət binasını "dezinfeksiya etməyə" gediblər.





"Biz ölkəni çirkdən və pozğunluqdan təmizləmək, Hökumət binasını dezinfeksiya etmək və xəstəmizi özünə layiq yerinə qaytarmağa çalışırıq", - aksiya fəallarından Vahaqn Çaxalyan jurnalistlərə deyib.





Polis onları binaya yaxınlaşmağa qoymayıb. Vahaqn Çaxalyan və bir neçə başqa aksiya iştirakçısı saxlanılıb.





Bölgələrlərdən paytaxta piyada yürüş




Mayın 1-də paytaxt Yerevanda planlaşdırılan müxalifətin "ümumxalq" mitinqinə qatılmaq üçün ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətində piyada yürüş başlanıb.





Aprelin 26-da etiraz aksiyalarına 2020-ci il 44 günlük Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri, həyat yoldaşları və yaxın qohumları da qatılıb.





Onlar Yerevanın mərkəzində toplaşıb və müharibədə həlak olan övladlarının şəkilləri ilə Ermənistanın Baş Prokurorluğu binasına yollanıblar.






Valideynlər Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması üçün "kifayət qədər material toplayıb" prokurorluğa təqdim etdiklərini bildirirlər.





Baş prokuror Artur Davtyan həlak olan hərbçilərin qohumları ilə görüşüb və onların 10 nəfərədək nümayəndəsi ilə məsələni daxildə müzakirə etməyə dəvət edib. Etirazçılar dəvəti qəbul etməyib.





Valideynlərin ittihamı Nikol Paşinyanın ötən həftə Ermənistan parlamentində çıxışı zamanı 44 günlük müharibənin başlanmasında "günahının boynuna alması"na əsaslanır. Onlar hesab edirlər ki, Paşinyan faktiki olaraq, minlərlə insanın müharibə nəticəsində həlak olmasında günahını etiraf edib və onun bəyanatı "cinayət törətmək haqqında məlumat" kimi nəzərə alınmalıdır.





Valideynlərin ittihamı Paşinyanın parlament tribunasından səsləndirdiyi bu sözlərinə əsaslanır: "Məndən soruşurlar: biz müharibəyə yol verməyə bilərdikmi? Bəli, bilərdik, lakin nəticədə vəziyyət eyni olardı, ancaq qurbanlar olmazdı".





İqtidar partiyasından olan bəzi millət vəkilləri hesab edirlər ki, müxalifət öz hərəkətləri ilə "müharibəyə təhrik edir". (BBC)