Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan dünya çempionatına ev sahibliyi etmək hüququnu itirə bilər - Azərbaycan bayrağının yandırılması səbəbindən

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyan bildirib ki, ölkəsi Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən 2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququnu itirə bilər. O, Sputnik Ermənistanın əməkdaşı ilə söhbətində hazırda bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla danışıqlar aparıldığını bildirib. Ermənistan tərəfi sübut etməyə çalışır ki, Avropa çempionunun açılış mərasimində baş verən misli görünməmiş fakt idmançıların təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı deyil:

“Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar qəbul edilməməlidir. Çünki Avropa Federasiyasının prezidenti Antonio Konflitti hadisə baş verən zaman zalda idi və belə bir problemin olmadığına şəxsən əmin olub”.

Ermənistan ilk dəfədir belə bir miqyasda idman yarışına ev sahibliyi edir, lakin qarşısına daha yüksək məqsədlər qoyur. Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 14-də Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Caludla görüşdə bəyan edib ki, ölkəsi 2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatını da yüksək səviyyədə keçirməyə hazırdır.

“Ən pis tərəfi odur ki, İrəvan dünya çempionatını qəbul etməyin bir addımlığında idi”, – Karen Qiloyan təəssüf edib.

Nazir müavini sosial şəbəkələrin Azərbaycan seqmentində azərbaycanlı idmançılarının girov saxlanması ilə bağlı yayılan məlumatları da təkzib edib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq reys olmadığından İrəvandan uça bilməyiblər.