Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməniləri Moskva tərəfindən idarə olunan böhrana hazırlayırlar?

Fevralın 13-də Qarabağ separatçıları iyerarxiyasında ikinci şəxs - "dövlət naziri" Ruben Vardanyan Xankəndində "dövlət orqanlarının rəhbər heyətinin iştirakı ilə" müşavirə keçirib. Xəbəri Yerevanın a1plus.am resursu yayıb.

Vardanyan Azərbaycan əleyhinə ifadələr yer alan nitqlə çıxış edib. Bununla da Azərbaycan KİV-lərinin Vardanyanın Qarabağa qayıtması haqqında məlumatı təsdiqini tapıb. Fevralın 7-də Yerevanın "Qrapark" resursu Vardanyanın Rusiya rəhbərləri ilə Qarabağın gələcək taleyi haqqında danışıqlarda iştirak etmək üçün Moskvaya getdiyi barədə məlumat yayıb. Ondan əvvəl "prezident" Arutyunyan da bu vəzifə ilə Moskvaya getmişdi. Bütün bu günlər ərzində Vardanyan heç bir bəyanat verməyib, baxmayaraq ki, əvvəllər hər gün Azərbaycan əleyhinə radikal nitqlərlə çıxış edirdi. Onun Moskvadakı fəaliyyəti haqqında isə indiyədək açıq məlumat yoxdur. Qarabağdakı hadisələri təhlil edən Azərbaycanlı tarixçi Eldar Gineslinin fikrincə, Vardanyan ümumiyyətlə Qarabağı tərk etməyib, Azərbaycandakı saytlar isə ermənilərin informasiya tələsinə düşüb. Amma bu halda yalanın nə mənası olduğu aydın deyil.

Məsələ ondadır ki, Vardanyanın Rusiyanın hərbi yük maşını ilə Azərbaycan ərazisini tərk edib geri qayıtmasından və ya bütün bunların ermənilərin "şaiyəsi" olmasından asılı olmayaraq, Qarabağın qapalı siyasi cəmiyyətində gərgin təlatümlər baş verir ki, bunların mənası istənilən halda Azərbaycan üçün əhəmiyyət kəsb edir.

Ondan başlayaq ki, erməni mənbələrinin məlumatına görə, "Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının" keçmiş "katibi", yanvarın əvvəllərində vəzifədən azad edilmiş Vitali Balasanyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Xankəndində ona qarşı cinayət işi açılıb, - "Pastinfo" belə yazır. İş məhkəməyə göndəriləcək, daha bir neçə iş üzrə materiallar hazırlanır, onlar əsasında yeni cinayət işləri açıla bilər.

V.Balasanyan birinci Qarabağ müharibəsində Azərbaycana qarşı fəal və uğurla vuruşub, ikinci müharibədə erməni komandirləri cərgələrinə girməyə çalışıb, amma onu döyüş əməliyyatlarına rəhbərlik etməyə buraxmayıblar. Bakıda Balasanyan Azərbaycanla danışıqlar aparmaq üçün ən uyğun separatçı hesab olunur, - Azərbaycan mətbuatı belə yazır. İstənilən halda, Balasanyan 2020-ci ildən sonra Bakıdan müxtəlif rəsmi şəxslərlə bir neçə görüşdə iştirak edib.

Bu şəxsə qarşı cinayət işi açılması onun Qarabağ elitası daxilindəki bütün gələcək siyasi hadisələrdən və rəsmi Bakı ilə mümkün danışıqlardan xaric edilməsi deməkdir.

İkinci əhəmiyyətli hadisə: Azərbaycanda dinc əhaliyə qarşı cinayətlərdə ittiham olunan "Dağlıq Qarabağın prezidenti" Araik Arutyunyan dünya tərəfindən qəbul edilməyən "konstitusiyaya" dəyişikliklər edilməsi təşəbbüsü irəli sürüb. Həm də bu, 2020-ci il müharibəsindən sonra Qarabağ erməniləri üçün gərgin günlərdə, iki aya yaxındır Xankəndi yaxınlığında azərbaycanlıların ekoloji piketinin keçirildiyi bir vaxtda baş verir.

Yerli siyasətçi Artur Arutyunyanın sözlərinə görə, hakimiyyət bu dəyişikliklə hərbi vəziyyət zamanı prezident vəzifəsi boş qalacağı təqdirdə riskləri idarə etmək imkanı yaratmaq istəyir. Qarabağda 1992-ci ildən hərbi vəziyyət mövcuddur.

"Hərbi vəziyyət zamanı respublika prezidenti vəzifəsi boş qalarsa, parlamentə böhran vəziyyəti yarandığı təqdirdə riskləri idarə etmək səlahiyyəti verilməlidir, yəni, bütün bunlar bu məqsədə xidmət edir", deyə deputat bildirib.

İndi, mövcud "konstitusiyaya" görə isə, "prezident" istefa verdiyi, öldüyü, səlahiyyətlərinə xitam verildiyi və ya ona etimadsızlıq votumu verildiyi halda "parlament" buraxılır, növbədənkənar "prezident və parlament seçkiləri" keçirilir, deyə Arutyunyan izah edib.

Digər siyasətçi Vaqram Atanesyanın sözlərinə görə isə, "konstitusiyanın" yeni variantında "prezident" hansısa səbəbdən səlahiyyətlərini icra edə bilməsə, 40 günlük hakimiyyətsizlik dövründən yayınmaq mümkün olacaq. Yerevanda mətbuat yazır ki, baş verənləri Qarabağda ona tabe olan hakimiyyət formalaşdırmaq istəyən Paşinyan idarə edir.

Ruben Vardanyanın Moskvaya ehtimal olunan gizli səfəri, Vitali Balasanyana qarşı repressiya və separatçıların hakimiyyətinin böhran vəziyyətində fəaliyyət göstərməyə hazır rejimə gətirilməsi separatçıların hansısa X saatına hazırlandığını göstərir. Böhran vəziyyətini Bakı deyil, Kremlin dəstəyi ilə separatçılar yaradacaq.

Belə bir təəssürat yaranır ki, Xankəndi və Moskva 2025-ci ilə hazırlıq götür, həmin ilin noyabrında Rusiya sülhməramlılarının beş illik missiyası başa çatmazdan 6 ay əvvəl prezident Əliyev rus ordusunun Qarabağdan çıxarılması haqqında qərarını açıqlayacaq. Hazırlığın məqsədi Əliyevi Rusiya sülhməramlı kontingentinin Qarabağda fəaliyyət müddətinin uzadılmasına razılaşmağa məcbur etmək üçün idarə olunan böhran yaradılması ola bilər.

Ermənilərin sonuncu təşəbbüsü buna dəlalət edir. Separatçıların rəhbəri Araik Arutyunyan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən ayrılmasını müdafiə edən "Qarabağ" hərəkatının 35 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərin təşkili və əlaqələndirilməsi üzrə dövlət komissiyası yaradılması haqqında sərəncam verib. Bu, o deməkdir ki, erməni cəmiyyəti qarşıdurma və sülh prosesinin pozulması kursunu davam etdirir.