Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan və Tramp bir-birilərini Türkiyə və ABŞ-a dəvət etdilər

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə "Anadolu" məlumat yayıb.

Telefon danışığı zamanı Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.

Türkiyə lideri Trampın müharibələrə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini vurğulayıb. 

Həmçinin dövlət başçıları Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. 

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü qorumaq və sabitliyi təmin etmək üçün səylər göstərdiyini diqqətə çatdırıb. O, həmçinin həmkarını Türkiyəyə dəvət edib.

Öz növbəsində Donald Tramp da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ABŞ-yə səfərə dəvət edib.

Bu barədə Ərdoğan “X”dəki hesabında yazıb.

O, Trampla telefon danışığının çox səmərəli və səmimi keçdiyini bildirib: “Telefon danışığı zamanı Qəzzada getdikcə dərinləşən humanitar böhran başda olmaqla Suriya, Rusiya - Ukrayna müharibəsi, qlobal ticarət, İranla ABŞ arasında davam edən müzakirələr, bir çox digər qlobal və regional məsələlər barədə fikir mübadiləsi apardıq. Cənab Trampla başda müdafiə sənayesi və ticarət olmaqda Türkiyə - ABŞ münsibətlərini inkişaf etdirməklə bağlı iradəyə sahib olduğumuzu bildirdik.

Prezident Trampın dünyada davam edən toqquşma və müharibələri bitirmək istiqamətindəki səylərini təqdir etdiyimi, Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım. Dəyərli dostumu ən yaxın gələcəkdə Türkiyədə görməkdən məmnun olacağımı söylədim. O da bizi ABŞ-yə dəvət etdi”.

Türkiyə lideri həmkarı ilə yaxın gələcəkdə bir araya gələcəyinə ümid etdiyini bildirib: “Müzakirəmizin ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm”.

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb.

Bu barədə Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp bildirib.

Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. “Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - Tramp yazıb.

“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – elə İNDİ!”, - o əlavə edib.